• 26 Noyabr 2024 00:55

Qızıl qiymətinə satılan zəhər: Mövsümündən əvvəl bazara çıxarılan alçanın inanılmaz zərərləri.

Bakı bazarlarında bəzi meyvələrin qiyməti fantastik dərəcədədir. Xüsusilə mövsümündən əvvəl yetişdirilib satılan meyvələrdə bu hal daha çox özünü büruzə verir.

 

Belə ki, kiloqramı qızıl qiymətinə satılan alça 500 manatdan 100 manata düşüb. Bəziləri bunu tələbatın çoxluğu və təklifin azlığı ilə əlaqələndirir. Xüsusilə, mövsümündən əvvəl yetişdirilən meyvələri hamilə qadınların daha çox tələb etdiyi bildirilir.

Maraqlıdır, istixanalarda süni şəkildə yetişdirilən alçanın qiymətinin bu qədər fantastik olmasına səbəb nədir?

 

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Bizim.media-ya bildirib ki, alçanın bu qədər baha olması istehsalının azlığı ilə bağlıdır:

“Mövsümü yaxınlaşdıqca, alçanın da qiyməti sürətli şəkildə aşağı düşür. Çünki artıq yavaş-yavaş istehsalçıların sayı artır. Lakin qışda alçanı aqrotexniki qaydaları bilən şəxslər istehsal edirlər ki, onların da sayı olduqca azdır. Qeyd edim ki, günümüzdə torpağa gübrə vermədən meyvə-tərəvəz yetişdirmək olmur. Əvvəllər isə belə deyildi, torpaqda kifayət qədər maddə var idi”.

V.Məhərrəmov onu da qeyd edib ki, bəzi hallarda torpağa həddindən çox azot verirlər, bu isə meyvədə toplanır:

“Azot həm də qida maddəsi kimi bitki tərəfindən mənimsənilir. Yəni fotosintez prosesi zamanı, qeyri-üzvi maddələr üzviyə çevrilir, bunun isə insan üçün heç bir ziyanı yoxdur. Amma gərək fotosintez prosesi normal getsin. Yenə də mövsümündən əvvəl satılan alçanın tərkibi yoxlanılmalıdır”.

 

Bəs mövsümündən əvvəl yetişdirilən alçanın insan sağlamlığına hansısa xeyri və ya ziyanı ola bilərmi?

Tibb məsələləri üzrə ekspert, həkim Adil Qeybulla mövsümündən əvvəl istixanalarda yetişdirilən meyvənin insan sağlamlığına böyük zərərlərinin olduğunu bildirib:

“Ərzaqların mövsümündən əvvəl baha olması təbiidir, amma bəzən qiymətlər çox şişirdilir. Lakin məsələ fərqlidir. Bəzən ayrı-ayrı insanlarda qida davranışı pozulur. Bu, hormonal və psixoloji dəyişikliklər fonunda baş verə bilir. Hamiləlik isə çox ciddi fizioloji proses olduğuna görə, ayrı-ayrı qidalara tələbat ortaya çıxa bilir. Normal adamda isə qida davranışı adekvat olur”.

 

Ekspertin sözlərinə görə, alça kimi mövsümündən əvvəl istixanalarda yetişdirilən meyvə-tərəvəzlər insan sağlamlığına ciddi ziyan vurur:

“Çünki onların yetişməsi üçün müxtəlif gübrələrdən, kimyəvi maddələrdən istifadə olunur. Həmin maddələr isə insan orqanizminə lazım olmadığı üçün zərərli hesab olunur. Mən düşünürəm ki, hər bir meyvə-tərəvəz öz mövsümündə yeyilsə, daha düzgün olar. Çünki orqanizm də ritmik olaraq buna uyğunlaşır”, – deyə Adil Qeybulla bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər