Erməni deputat Azərbaycana haqq qazandırdı: “Öz torpağını istəyir də…”
Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan deputatı Qaqik Melkonyan 24TV-də Qazaxın işğal altında olan kəndlərindən danışıb.
Modern.az-ın məlumatına görə, Melkonyan baş nazir Nikol Paşinyanın “kəndləri qaytarmasaq, müharibə olacaq” ifadəsinə haqq qazandırıb. O, Paşinyanın Tavuşun erməni əhalisini müharibə ilə qorxutması barədə iddiaları rədd edib:
“Qorxutmaq nədir? Əgər həqiqət deyilibsə, bu qorxutmaqdırmı? Azərbaycan bütün dünyada deyir ki, mənim torpaqlarımı alıblar, verməsələr, zorla geri alacam”, – Melkonyan bildirib.
Jurnalistin “bəs sabah Azərbaycan İrəvan və Sevana da iddia edib, “mənim torpağımdır” deyərəsə” sualına deputat belə cavab verib:
“İrəvan və Sevan Ermənistanın ərazisidir, Azərbaycan İrəvanı və Sevanı istəmir, öz torpağını istəyir”, – deyə Qaqik Melkonyan rəsmi Bakının Qazaxın işğal altındakı kəndlərinin boşaldılması tələbinə haqq qazandırıb.
Hazırda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 7 kəndi var: Qazaxın eksklav olmayan 4 (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı) və esklav olan 3 (Yuxarı Əskipara, Sofulu, Barxudarlı) kənd, eləcə də Naxçıvanın esklav olan 1 (Kərki) kəndi.