Siyasi motivlərə görə Ermənistana gedən ruslar son həftələr izləndiklərini hiss etdiklərini iddia edirlər.
Tacxeber.com “Meduza”ya istinadən xəbər verir ki, bu barədə “Helsinki Vətəndaş Assambleyası Vanadzor” hüquq müdafiə təşkilatı məlumat yayıb.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, onlarla əlaqə saxlayan Rusiya vətəndaşları yaşadıqları yerlərin yaxınlığında rus hərbi geyimli şəxsləri görüblər, onları açıq-aşkar təqib ediblər və nəzarətlərində olan mənzillərdə kimin yaşadığı barədə məlumat axtarırlar:
“Müəyyən edilib ki, hərbi forma geyinmiş şəxslər yalnız əməliyyat-kəşfiyyat əməliyyatları üçün nəzərdə tutulan Ermənistan nömrəli, qeydiyyatı olmayan avtomobildən istifadə ediblər. Belə izləmə üçün Ermənistan Baş Prokurorluğunun və ya digər hüquq-mühafizə orqanlarının razılığını almaq lazımdır”.
“Azadlıq” radiosunun məlumatına görə, ölkənin Daxili İşlər Nazirliyi və Prokurorluğu, araşdırma aparacağını bəyan edib.
“Helsinki Vətəndaş Assambleyası Vanadzor” iddia edir ki, müşahidə hədəfləri təkcə ruslar deyil, həm də Rusiya hakimiyyətinin siyasətini açıq şəkildə tənqid edən Ermənistan vətəndaşları olub.