• 24 Noyabr 2024 03:15

Afrika ölkəsi Almaniyanı fillərlə hədələdi

Botsvana prezidenti Almaniyanı 20 min fil göndərməklə hədələyib.

 

Tacxeber.com xəbər verir ki, ilin əvvəlində Almaniyanın Ətraf Mühit Nazirliyi heyvan ovu və ov qənimətlərinə məhdudiyyət qoyulması ilə bağlı təklif irəli sürüb. Bu təklif Botsvana ilə mübahisəyə səbəb olub.

 

Afrika ölkəsinin prezidenti Mokqvetsi Masisi Almaniyanın verdiyi bu təklifin ölkəsindəki insanları yoxsullaşdıracağını bildirib. Masisi ov nəticəsində fillərin sayının nəzarətdə saxlandığını da qeyd edib. O bildirib ki, əks halda, fillərin sayı hədsiz artacaq və sonradan vəziyyəti ələ almaq çətinləşəcək.

 

Masisi Almaniyanın “Bild” qəzetinə açıqlamasında sərt çıxış edib:

 

“Almanlar, sizin bizə təklif etdiyiniz şey bizim heyvanlarla iç-içə yaşamağımız deməkdir. Fillərin sayı artsa, nəzarət əldən çıxacaq. Bu, zarafat deyil”.

 

Botsvana 130 min fillə dünya fillərinin təxminən üçdə birinə ev sahibliyi edir.

 

Masisi bildirib ki, fil sürüləri əmlaka ziyan vurur, məhsulu yeyir və sakinləri tapdalayır.

 

Botsvana bundan əvvəl qonşu Anqolaya 8000 fil vermiş və bu heyvanların sayını azaltmaq üçün Mozambikə yüzlərlə fil verməyi təklif etmişdi.

 

“Almaniyaya da belə bir hədiyyə təklif etmək istərdik” deyən prezident Masisi “Xeyr” cavabını qəbul etməyəcəyini bildirib. O, Almaniyanı 20 min fil göndərməklə təhdid edib.

 

Keçən ay Botsvananın vəhşi təbiət naziri britaniyalıları fillərlə “yaşamaq” üçün Londonun Hayd Parkına 10 min fil göndərməklə hədələmişdi.

 

Qeyd edək ki, Botsvana və digər Cənubi Afrika ölkələri bir fili ovlamaq icazəsi üçün minlərlə dollar ödəyən qərblilərdən böyük gəlirlər əldə edirlər.

 

Onlar deyirlər ki, əldə edilən pul mühafizə və yerli insanlara kömək etmək üçün istifadə olunur.

 

Heyvan hüquqları müdafiəçiləri isə bu təcrübənin qəddar olduğunu və qadağan ediləsinin vacibliyini iddia edirlər.

Tacxeber.com

Oxşar xəbərlər