“Çin Rusiyaya qorxunc miqyasda yardım göstərir, ABŞ həyəcan təbili çalır” – “Financial Times”
“Ağ Evi xüsusilə narahat edən Rusiyaya raketlər üçün yanacaq tədarüküdür…”
“Çin Rusiyanın hərbi iqtisadiyyatına dəstək göstərir, Şimali Koreya və İran ona xeyli miqdarda silah və döyüş sursatları tədarük edir…”
Çin Rusiyanın hərbi-sənaye kompleksinə dəstəyini gücləndirir. Bu, Ukraynada müharibəyə kömək etməklə yanaşı, digər ölkələrə də təhlükə törədir.
Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Avropa İttifaqı və NATO xarici işlər nazirlərinin görüşündə xəbərdarlıq edib. Məlumatı “Financial Times” nəşri yayıb.
Jurnalistlərin məlumatına görə, Blinken deyib ki, Pekin Moskvaya “narahatlıq doğuracaq miqyaslarda” yardım edir.
Söhbət təcavüzkar ölkəyə müəyyən alətlər və resursların verilməsindən, habelə texniki ekspertiza keçirilməsindən gedir.
Bu yardım xüsusilə optik avadanlığın və raket yanacağının istehsalına, habelə Rusiyanın kosmik sektoruna yönəlib.
“Bununla bağlı dəqiq xəbərdarlıqlar olub, irəliləyiş baş verib və bu, zalda hiss edilib. Bu hadisələrin yeni inkişafıdır. Bunlar heyrətedicidir”, – Blinken deyib.
Dövlət katibi müttəfiqlərə diqqəti üç əsas məqama yönəltməyə çağırış edib: bilavasitə Çinə narahatlığını ifadə etmək, bu barədə açıq danışmaq, habelə Rusiyanın sənaye bazasını möhkəmləndirən təşkilat və şirkətlərə qarşı tədbirlər görmək.
Vəziyyətdən hali olan şəxs deyib ki, prezident Co Bayden administrasiyasını xüsusilə narahat edən Rusiyaya raketlər üçün yanacağın verilməsidir.
ÇXR və Rusiyanın əməkdaşlığına dünyanın münasibəti – son xəbərlər
Xatırladaq ki, aprelin 2-də ABŞ prezidenti Co Bayden və ÇXR sədri Si Tszinpin arasında telefon söhbəti olub.
Məlumat verilir ki, Amerika prezidenti Çinə Rusiyanın hərbi-sənayə bazasının bərpasına kömək etməməyə çağırış edib.
Gözlənilir ki, ABŞ maliyyə naziri Canet Yellen Rusiya-Çin ticarəti məsələsini ÇXR-in yüksək vəzifəli məmurları ilə danışıqlarda qaldırmağı planlaşdırır.
Bu günlərdə NATO baş katibi Yens Stoltenberq bəyan edib ki, Çin Rusiyanın hərbi iqtisadiyyatına dəstək göstərir, Şimali Koreya və İran isə ona xeyli miqdarda silah və döyüş sursatları tədarük edir.