• 23 Noyabr 2024 06:03

Rəmişin həyat yoldaşı: “Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki…”

“Jurnalistlərə demək istəyirəm ki, Rəmiş yoxdursa, mən də yoxam. Əl çəksinlər məndən, yaşlı adamam, infarkt etməsinlər. Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki, mənim ünvanımı bütün Azərbaycanla bir edirlər?! Mən hamıdan uzaqlaşmışam. Yalandan yazırlar ki, evi 285 min manata satıb. Mənim evim villa deyil, bir şey deyil. Yalandan özlərindən qiymət qoyublar. Bu mənim şəxsi işimdir, heç kimin ixtiyarı yoxdur qarışsın. Xeyir ola, Gülü ilə maraqlanırlar?! Mən sakit həyat yaşamaq istəyirəm. Heç kimim yoxdur. Nə atam var, nə bacım-qardaşım, nə də övladım. Allah kimi mən də təkəm. Məni bu jurnalistlər çox incitdilər, qəlbimə dəydilər. Onsuz da, yaram özümə bəsdir. Niyə yenidən yaralayırlar? Ağlamaqdan sağ gözüm tutulub, görmürdü. Həkimə gedib müalicə aldım”.

 

Tacxeber.com xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rəmişin xanımın Gülü deyib. O, daha sonra əlavə edib.

 

“Ən böyük arzum tezliklə Rəmişə qovuşmaqdır. Başqa arzum yoxdur. Bu dünyadan doydum daha. Rəmiş rəhmətə gedəndə dövlətimiz məzarlıqda yer ayırdı. Onun yanında da kiçik bir yer var. Mənim də yerim oradır. Dünyamı dəyişəndən sonra orada dəfn olunacağam. Dünən Rəmişin məzarını ziyarət etdim. Sağ olsunlar, gitara ifaçıları gəlib ziyarət ediblər, onu yada salıblar. Əklil də qoyublar. Rəmiş kimi şan-şöhrətli olsunlar. Hər dəqiqə onu yuxuda görmürəm. Bəzən görürəm. Yeri boş qalıb. Rəmişin pal-paltarını ehtiyacı olan insanlara verdim. Hər geyinəndə ona rəhmət oxusunlar. Gitarası, tarı, royalı, üzüyü, saatı isə evimdədir. Heç bir muzeyə verməyəcəyəm. İndi muzey var? Burdan alacaqlar, o yandan gedib satacaqlar. Bir oğul ki, atanı, ananı öldürür, kənara mənim nə etibarım ola bilər?!”, – deyə sənətkarın xanımı bildirib.

 

Gülü xanım dolanışığından da danışıb.

 

“Camaat necə dolanırsa, mən də elə dolanıram. Hər şeyim var. Şükür Allaha, ac deyiləm. Rəmişin vaxtında nə pal-paltar almışamsa, onu geyinirəm. Bundan sonra heç nə alan deyiləm. 70 yaşım var, kimə qalacaq?! Paltarlarım heç köhnəlmir, səliqəli geyinirəm. Niyam Salaminin yanında restoranda çalışıram. Niyam məni heç yerə buraxmır. Allah ondan kömək olsun. Məni evdən heç kim çıxara bilmirdi, bunu ancaq Niyam bacardı. Mənə bacısı kimi münasibət bəsləyir. İş görməyə də qoymur. Deyir ki, başını qarışdır, yanımda gəz. Niyamdan başqa böyük sənətkarımız Qədir Rüstəmovun ailəsi, İmişlidən Cavid adlı şəxs var ki, mənə dəstək olurlar”, – deyə o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər