Hesablama Palatası: Dövlət qurumları beynəlxalq tədbirlərdə iştirakçı sayını artıq göstəriblər.
13 milyon 700 min manatlıq büdcə zərərilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
Aprelin 8-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə qurumun 2023-il üzrə ümumi hesabatını açıqlayıb.
İllik hesabatda qeyd olunur ki, il ərzində ümumilikdə 562 milyon 500 min manatlıq pozuntu aşkarlanıb. Məbləğin 103 milyon 200 min manatı büdcəyə dəyən birbaşa zərər olub. Vəsaitin bir qismi bərpa olunub, ümumilikdə 459 milyon 300 min manatlıq pozuntu ilə bağlı isə əlaqədar orqanlara məlumat verilib.
Bununla bərabər, 13 milyon 700 min manat büdcə zərəri üzrə cinayət əlamətlərinin ehtimal olunması ilə əlaqədar materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
“Qurumlar tərəfindən mədəniyyət, incəsənət, idman və s. sahələrdə müxtəlif növ tədbirlərin keçirilməsi zamanı əsaslandırıcı və təsdiq edici sənədlər ya tərtib edilməyib, ya da düzgün tərtib edilməyib. Beynəlxalq tədbirlərdə iştirakçı sayı artıq göstərilib”, – hesabatda qeyd olunub.
Hesabatdan aydın olur ki, Palata tarixində ilk dəfə beynəlxalq tədbir üzrə maliyyə auditi aparılıb. Söhbət ölkədə keçirilən “Formula 1” yarışlarından gedir. Ancaq yarışların auditinin nəticələri dərc olunmayıb.
Bu ilin mart ayında 2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub.