• 21 Sentyabr 2024 14:40

Osmanlı sultanlarının ulu anası Nilufer xatunun Bursada Orhan Qazi türbəsindəki məzarı.

Osmanlı dövlətinin ilkin dövrü ilə bağlı məlumatlar az və ziddiyyətlidir. Nilufər barədə məlumatlar da qəbildəndir. 

 

Əsl adının Holifera və ya Olovira olduğu deyilir. Bir versiyaya görə yunan əsilli Yarhisar hakiminin qızı idi və Biləcik hakiminin oğlu ilə nişanlanmışdı. Amma 1299-cu ildə Osman Qazi qəfil basqınla Biləciki tutdu və Holifera da əsir alındı, Orxana bağışlandı. Amma digər versiyaya görə, Biləcikdə əsir alınan Orhanın başqa arvadı Asporça xatun idi. Nilufər isə daha sadə ailədən idi, amma yenə yunan olması şübhə doğurmur. İlk övladının 1316-cı ildə anadan olması ikinci versiyanı daha ağlabatan edir.

Orhanın onu özünə arvad etməsi, yoxsa cariyə kimi saxlaması da dəqiq məlum deyil.

 

Orhanın arvadlarının arasında hətta Bizans imperatorunun qızı vardı – Teodora kantakuzen. Bununla belə, sultan sülaləsi məhz Nilufərin xətti ilə getdi.

Onun və Orhanın üç oğlu vardı. Böyük oğlu Süleyman Qazi Osmanlı dövlətinin Rumelidə, yəni Avropada ilk fəthlərinə rəhbərlik etmişdi və Rumeli fatehi ünvanını daşıyır. Amma 1356-1357-ci ildə 40-41 yaşında ikən atdan yıxılması nəticəsində öldü.

Niluferin ikinci oğlu şahzadə Qasım hələ kiçik yaşlarında öldü. Üçüncü oğlu Murad isə Orhanın 1362-ci ildə ölümündən sonra taxta çıxdı və Osmanlı dövlətinin üçüncü hökmdarı oldu. Nilufer də valide sultan oldu. Onun 1380-ci illərdə vəfat etdiyi söylənilir. Əri Orhanın yanında dəfn edildi.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər