• 24 Noyabr 2024 13:20

İsrail İranı oyuna gətirə bildi.

Çoxları İranın bu gecə böyük bir səhvə yol verdiyi düşüncəsindədir. Keçən dəfə müzakirə etmişdik ki, İsrail uzun və üstüörtülü oyun oynamağa adaptasiya olan İranı açıq oyuna çəkməyə çalışır. İran da bu oyuna girdi. Öz oyun stilini tərk edib, rəqibin oynunu oynamaq artıq strateji məğlubiyyət sayıla bilər.

 

Bəs, İran bunu niyə etdi? Bunu üç səbəblə açıqlamışdıq. Birincisi, daxildən, yəni SEPAH-dan ölkə rəhbərliyinə edilən təzyiqlər idi. İsrailin cavabsız hücumları, ali zabitlərə qarşı ardıcıl sui-qəsdlər SEPAH daxilində ruh düşkünlüyü yaradırdı. Xameneyi bu dəfə də SEPAH-ın istədiyini verməsə idi, SEPAH yeni, cavan və daha aqressiv liderə sədaqət göstərməyə başlaya bilərdi. İkincisi, İran rəhbərliyi xarici auditoriya nəzdində reputasiyasını bərpa etməli idi. Üçüncüsü də, İran rəhbərliyi indiki mərhələdə İsraillə toqquşmanın qaçılmaz olduğunu başa düşürdü.

 

Bəli, İran çox böyük riskə getdi. Artıq münaqişədəki bütün iplər İsrailin əlindədir. Hakimiyyətdəki Netanyahu və ifrat sağçıların nələr arzu etdiyini təxmin etmək elə də çətin deyil. Amma bu da nəzərə alınmalıdır ki, İran və İsrail arasında çox böyük məsafə var və toqquşmalar sadəcə hava müstəvisində gedə bilər.

Düzdür, İsrail hava qüvvələri dünyanın ən müasir qırıcılarına və ən böyük zərbə gücünə malik qoşunlarından biridir. Amma İsrail kiçik ölkədir, imkanları limitlidir və xarici dəstəkdən asılıdır. Yəni, İsrail rəhbərliyi İrana ilk zərbələr barədə müstəqil qərar qəbul edə bilər, amma sonrakı mərhələdə İsrailin strategiyası ABŞ rəhbərliyinin iradəsindən asılı olacaq. Hətta, ABŞ bu münaqişəyə qoşulsa belə, hava hücumları bu miqyasdakı münaqişələrdə həlledici ola bilməz. İranın sadəcə hava hücumları ilə məğlub edilməsi inandırıcı bir ehtimal deyil.

 

Bayden hökuməti ən önəmli və ən şıltaq müttəfiqinin başrolda olduğu növbəti böyük sınaqla üzbəüz qalıb. ABŞ-ı yenidən Yaxın Şərq bataqlığına çəkən bu gecənin əsas qazananları isə şübhəsiz ki, Rusiya və Çindir.

 

@serqebaxis

Tacxeber.com

Oxşar xəbərlər