1938-ci ildə Yaponiyadan SSRİ-yə qaçan Rökiti Suqimoto (kişi) və Yosiko Okada
Yapon teatr rejissoru Rökiti Suqimoto Kommunist partiyasının üzvü idi. 1930-cu illərin əvvəllərində getdikcə militaristləşən və incəsənətə basqı edən Yaponiyada yaşamaq istəmir. O, SSRİ-yə qaçmaq arzusunda idi. Stalinin böyük pərəstişkarı olan rejissor SSRİ-də onu yaradıcılıq azadlığının gözlədiyinə inanırdı (belə sadəlövh adamlar varmış).
İlk dəfə 1932-ci ildə qaçmağa cəhd göstərdi, amma polis tərəfindən saxlanıldı. Bir qədər həbsdə qalandan sonra şərti azadlığa buraxıldı.
1936-cı ildə Nikolay Ostrovskinin “Polad necə bərkidi” əsərini böyük həvəslə yapon dilinə tərcümə etdi.
Elə həmin il yapon teatrının və kinosunun ulduzu Yosiko Okada ilə tanış olur. İkisinin də evli olmasına baxmayaraq aralarında sevgi münasibətləri yaranır. Okada da kommunistlərə rəğbətlə yanaşır və sevgilisinin SSRİ-yə qaçmaq istəyinə şərik çıxır.
O dövrdə Saxalin adasının cənub hissəsi Yaponiyaya, şimalı isə SSRİ-yə məxsus idi. Bizim cütlük də Cənubi Saxalinə gəlib buradan SSRİ-yə keçmək qərarına gəldi.