• 22 Noyabr 2024 18:33

XIX əsrin sonlarında şiələrin ən böyük din alimi sayılan Mirzə Şirazini tütün çəkmək əleyhinə fitvası.

XIX əsrin sonlarında şiələrin ən böyük din alimi sayılan Mirzə Şirazini tütün çəkmək əleyhinə fitvası. Hökmdə yazılırdı ki, tütündən istifadə İmam Zamanla müharibə aparmağa bərabərdir.Bu fitva tütünün ümumiyyətlə haram sayılması demək deyildi, konkret şərtlər üçün verilmişdi.

 

Zəifləmiş İran dövləti XIX əsrdə Böyük Britaniya və Rusiyanın bacardıqca çox qazanc yeri əldə etmək yeri kimi baxdıqları və bunun üçün mübarizə apardıqları yer idi. Ölkənin maliyyə durumu da acınacaqlı idi.

1890-cı il martın 20-də Nəsrəddin şah İranda tütün almaq, satmaq və emal etmək monopoliyasını 50 illik müddətə ingilis mayor Cerald Talbotta verdi. Bunun müqabilində Talbott hər il İran xəzinəsinə 15 min funt sterlinq (indiki kursla 2,5 milyon dollar) və qazancının 25 faizini ödəməli idi. Talbott da “Imperial Tobacco Corporation of Persia” adlı şirkət yaratdı.

İranda tütünçülük çox gəlirli sahə idi. Burada müxtəlif, o cümlədən başqa heç yerdə beçərilməyən tütün sortları əkilirdi. İstehlak da yüksək səviyyədə idi: hətta qadınlara qədər hamı tütün çəkirdi. Üstəlik, tütün İranın xaricə idxal edə bildiyi azsaylı rəqabətə davamlı məhsullardan biri idi.

 

İndi tütün əkənlər öz məhsullarını məcburi surətdə Talbotun şirkətinə satmalı idilər, sonra da əhali onun emal etdiyi tütünü alıb çəkməli idi. İxrac da monopoliya da idi. Rəqabətin olmaması şirkətə həm alış, həm satış zamanı istənilən qiyməti tətbiq etmək şəraiti yaradırdı. Bundan əlavə, tütün əkini, emalı və satışı ilə 200 minə qədər iranlı məşğul olurdu ki, indi onların bir qismi işsiz qala bilərdilər. Nəhayət, bu konsessiya İranın yarımmüstəmləkə olmasının əlaməti idi ki, bu da əhalinin milli qürurana toxunurdu.

Nəticədə İranda “Tənbəki üsyanı” adını alacaq hərəkat başladı. Onun mərkəzlərindən biri də Təbriz idi. İran Azərbaycanının ərazisi tütün əkini üçün əlverişli deyildi, amma burada emal və satış həyata keçirilirdi. Təkcə nəhəng Təbriz bazarında xeyli sayda dükan tütünün topdan və parakəndə satışı ilə məşğul idi. Etirazlar Təbrizlə yanaşı Tehranda, Şirazda, Məşhəddə və İsfahanda xüsusilə güclü idi.

 

O zaman Osmanlı dövlətinin, indi İraqın tərkibində olan Samərrada yaşayan ayətullah əl-üzma Mirzə Şirazi də tütün əleyhinə fitvanı məhz bu zaman, 1891-ci ilin dekabrında verdi. Hökm, əslində, tütündən istifadənin deyil, məhz indi istifadə edib ingilislərə xeyir vermənin əleyhinə yönəlmişdi.

Yəqin ki, iranlıların xüsusi ehtiram bəslədikləri 12-ci imamın xatırlanması səbəbindən fitva inanılmaz effekt doğurdu. Əhalinin əksəriyyəti tütün çəkməni tərgitdi. Tütün satan dükanlar bağlandı. Deyilənlərə görə, hətta Qacar sarayında qulluqçular hakim sülalənin nümayəndələri və hərəmxanadakı qadınlar üçün çubuq doldurmaqdan imtina edirdilər.

 

Nəticədə, 1892-ci il yanvarın 5-də Nəsrəddin şah konsessiyanı ləğv etdi. Amma şirkətə 500 min funt sterlinq kompensasiya ödəməli oldu ki, bu da dövlətin maliyyəsini lap sarsıtdı. İran məhz bu hadisə üzündən ilk dəfə xarici borc almalı oldu. Mirzə Şirazi isə yanvarın 26-da fitvasının qüvvədən düşdüyünü bildirdi.

Tənbəki üsyanı İran xalqına şah hakimiyyəti və xarici əsarətlə dinc mübarizənin üsul və vasitələrini göstərdi. Buna görə də tarixçilər bu hərəkatı XX əsrin əvvəllərində başlayan Məşrutə inqilabının ilk qaranquşu hesab edirlər.

 

Mənbə: Tarixçi (teleqram kanalı)

Tacxeber.com

Oxşar xəbərlər