İstənilən ekspertizaya getməyə hazıram – Sədr
Ticarət şəbəkələrində satılan yağların heç birində əhalinin sağlamlığına təsir edəcək təhlükəli hal aşkarlanmayıb.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə deyib.
O qeyd edib ki, istər idxal edilən, istərsə də ölkə ərazisində istehsal olunan yağlar üzərində dövlət nəzarəti həyata keçirilir:
“Ona görə də istənilən ekspertizaya getməyə, hansısa təşviş yaratmaq istəyən ekspertlərin bütün suallarını cavablandırmağa hazıram. Bəzi ekspertlər bu sahədən o qədər məlumatsızdırlar ki, çıxışlarında trans yağların sıfıra endirilməsindən danışırlar. Halbuki tərkibində sıfır trans yağ olan yağ ümumiyyətlə dünyada yoxdur”.