Moskvadan atasının dəfninə gələn fəalı yas mərasimindən maskalıların apardığı bildirilir
Moskvada yaşayan azərbaycanlı ictimai fəal, bu günlərdə atasının dəfnində iştirak etmək üçün ölkəyə gələn Elşən Kərimovun saxlandığı bildirilir.
Tacxeber.cpm Civilazerbaijan.com-a istinadən xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, Elşən Kərimovu Yevlaxın Rüstəmli kəndində atasının yas mərasimindən mülki geyimli, maskalı şəxslər aparıblar.
Onların sözlərinə görə, hadisə aprelin 17-də baş verib:
“Heç hara aparıldığı barədə də bizə heç bir məlumat vermirlər. Bakıya gətiriblər, amma bilmirik ki, konkret hara. Ya “Bandotdel” olacaq, ya da DTX. Hər yeri axtarmışıq, heç bir məlumat yoxdur. Onun işgəncə altında olmasından çox narahatıq”.
Yaxınları vurğulayıb ki, Elşən Kərimovun saxlanması üçün heç bir səbəb yoxdur.
Bu üzdən onun ictimai fəaliyyətinə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı və siyasi məhbus ailələrinə dəstək olduğuna görə cəzalandırıldığını ehtimal edirlər.
1975-ci il təvəllüdlü Elşən Kərimov uzun müddətdir ki, Moskvada yaşayır. Orada kiçik ticarətlə məşğul olan ictimai fəalın Rusiya vətəndaşı olduğu bildirilir.