Bakıda həbsdə olan qondarma Dağlıq Qarabağ Respublikasının “dövlət naziri” olmuş Ruben Vardanyan aclıq aksiyası keçirir.
Tacxeber.com xəbər verir ki, bu barədə onun ailəsinin açıqlamasında bildirilir.
“Vardanyan özünün və digər erməni məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edərək aclıq aksiyasına başlayıb”, – məlumatda deyilir.
Onun yaxınlarının dediyinə görə, o, aprelin 5-də aclıq aksiyasına başlayıb:
“Bundan sonra onun bizimlə telefon danışıqları dayandırılıb. Onun yanvarda gözlənilən məhkəməsi may ayına təxirə salınıb”.
Qeyd edək ki, Ruben Vardanyan 2022-ci ilin sentyabrında həmin vaxt Rusiya Sülhməramlı Kontingentinin nəzarətində olan Qarabağa köçüb. O, noyabrın 4-də qondarma DQR-in “dövlət naziri” təyin edilib, 2023-cü il fevralın 23-də isə o bu “vəzifə”dən azad edilib.
Vardanyan 2023-cü ilin 27 sentyabrında Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları çərçivəsində həbs edilib.
Hazırda o, qondarma rejimin keçmiş “liderləri” ilə birlikdə Bakıda həbsdədir.
Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.