Biznesmenlərdən Tahir Kərimliyə etiraz: İddialar böhtandır
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü deputat Tahir Kərimli tərəfindən əsası olmayan iddialar səsləndirilib. O, Azərbaycanda quş əti istehsalı müəssisələri tərəfindən quşların tez böyüməsi üçün onlara hansısa kimyəvi dərmanlar verildiyini, kəsimdən sonra onların bədəninə su vurulduğunu iddia edib.
Tacxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının açıqlamasında qeyd olunub.
Assosiasiya deputat Tahir Kərimlinin bu iddialarını heç bir real əsası olmayan böhtan, yerli sahibkarlığa qarşı qərəzli münasibətin nəticəsi kimi qiymətləndirir:
“Öz tərəfimizdən bəyan edirik ki, Azərbaycanın ixtisaslaşmış broyler müəssisələri tərəfindən quşların sürətli böyüməsi üçün onlara insan orqanizmi üçün zərərli ola biləcək hər hansı preparatlar verilmir. Quşlar yalnız müəyyən mərhələlərdə xəstəliklərə qarşı vaksinasiya olunurlar ki, bu da bütün dünyada tətbiq olunan praktikadır.
İstehsal əsasən QOST standartına uyğun həyata keçirilir. QOST standartının toyuq əti üzrə müəyyən etdiyi tələblərə əməl edərək, sanpinin və qida təhlükəsizliyi kollegiya qərarlarını nəzərə alaraq İSO 22000 (HACCP tələbləri) əsasında istehsal aparılır.
Müəssisələrdə AQTA tərəfindən müntəzəm olaraq monitorinqlər, xidməti yoxlamalar aparılır, istehsal olunan quş əti həm zərərli bakteriyalara, həm də zərərli maddələrə görə yoxlanılır. Satışa göndərilən bütün partiya ətdən nümunə götürülərək, analiz edilir və baytarlıq arayışı verilir.
Bu gün Azərbaycan quşçuluq müəssisələrində istehsal olunan yumurta Rusiya və Körfəz ölkələrinə ixrac olunur. Onların əldə olunduğu toyuqlara verilən hər hansı preparat mütləq və mütləq həmin ölkələrin yoxlamaları zamanı üzə çıxar. İxracın başlandığı 2 ildən yuxarı müddətdə müəssisələrin heç birinə bununla bağlı hər hansı irad daxil olmayıb, ola da bilməz. Çünki quşçuluq müəssisələri öz fəaliyyətlərini Azərbaycan xalqının sağlamlığına zərər vura biləcək hər hansı qanunazidd əməllərə yol vermədən həyata keçirirlər.
Əgər Milli Məclis üzvünün əlində konkret fakt, quşlara tez böyümələri üçün verilən hər hansı preparatın adı varsa, açıqlamasını xahiş edirik. Digər tərəfdən, Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan rəsmi ticarət statistikası var, ölkəyə idxal olunan bütün preparatlar qeydə alınır. T.Kərimli özü deputat sorğusu verərək toyuqların şişirdilməsi üçün hər hansı preparatın Azərbaycana idxal olunub-olunmadığını müəyyən edə və əgər varsa, konkret faktla danışa bilər”.
Qeyd edək ki, aprelin 18-də Milli Məclisin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmə keçirilib. Dinləmələrdə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası da İdarə Heyətinin sədri ilə təmsil olunub.