“Quska”nın 6 illik həbsi bu gün bitdi, amma…
Bu gün, aprelin 22-də keçmiş deputat və sahibkar Hüseyn Abdullayevin 6 illik həbs müddəti başa çatıb. Lakin H. Abdullayev azadlığa buraxılmayıb. Buna səbəb isə azadlığa buraxılmasına 47 gün qalmış ona qarşı cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması (Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi) ittihamı irəli sürülməsidir.
Tacxeber Musavat.com-a istinadən xəbər verir ki, 2024-cü il martın 4-də Binəqədi Rayon Məhkəməsi sabiq deputat barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Vəkili Ceyhun Yusifov deyib ki, Hüseyn Abdullayev köhnə ittihamlar kimi yenisini da qəbul etmir. Yeni ittihama görə, H. Abdullayev 2006-2014-cü illər arasındakı dövrdə 6 milyon manat vəsaitin yuyulmasında ittiham olunur. Qeyd edək ki, əvvəlki cinayət işi üzrə istintaq artıq onun 2000-2018-ci ildəki fəaliyyətini araşdırıb. Bununla belə, yeni ittiham təsdiqlənərsə, onu 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xatırladaq ki, Hüseyn Abdullayev 2005-ci ildə parlamentin deputatı kimi fəaliyyətə başlayıb və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ilin martında parlamentin plenar iclasında deputat Fəzail Ağamalı ilə Hüseyn Abdullayev arasında yumruqlaşma olub. Bundan sonra Hüseyn Abdullayev cəzalandırılıb.
O, əvvəlcə həbs edilib, sonra xuliqanlığa görə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2013-cü ildə Hüseyn Abdullayev Azərbaycandan gedib. Mühacirət dövründə ona qarşı vergi ittihamı ilə cinayət işi başlanıb. Keçmiş deputat 2018-ci il aprelin 22-də Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya olunmuşdu.