• 22 Noyabr 2024 12:34

Səkkizmərtəbəli binanın uçması nəticəsində 1134 nəfər dünyasını dəyişib

24 aprel 2013-cü il, Banqladeşin Savar şəhərində yerləşən “Rana Plaza” adlı səkkizmərtəbəli binanın uçması nəticəsində 1134 nəfər həlak olur.

 

Bina cəmi 7 il əvvəl tikilmişdi. Qəzadan sonra iddia olundu ki, yuxarı 4 mərtəbə icazəsiz tikilib. Burada beş tikiş fabriki mövcud idi. Tikinti mütəxəssisləri deyirdi ki, mağaza, bank, ofislər üçün nəzərdə tutulan binada tikiş fabriklərinin yerləşdirilməsi təhlükəli idi: ağır dəzgahlar və onların fasiləsiz titrəyişi üçün nəzərdə tutulmamışdı. Nəhayət, binanın tikildiyi zəmin də belə böyük bina, xüsusən də sənaye obyekti üçün uyğun deyildi.

2013-cü il aprelin 23-də binanın yükdaşıyan konstruksiyalarında çatlar yarandı. Bank və mağaza sahibləri işçilərini çıxardılar və obyektlərini qapatdılar. Amma binanın sahibi Sohel Rana iddia etdi ki, sadəcə mala tökülüb. Tikiş fabriklərinin sahibləri də işçilərinə işə çıxmağı tapşırdılar.

 

Ertəsü gün dəzgahlar yenə işlədilər, yenə titrətdilər. Üstəlik, elektrik kəsildi və böyük generatorlar işə salındı, onlar da binanı titrətməyə başladılar və bina çökdü. Bu zaman orada əksəriyyəti qadın olan 3122 işçi vardı. Bundan əlavə, binada kiçik uşaqların olduğu bağça da vardı.

Axtarışlar mayın 13-ə kimi davam etdi. Mayın 10-da son diri adam tapıldı. Reşma adlı bu qadın, demək olar, xəsarət almamışdı. Xilasedicilər 2 mindən çox adamı xilas etdilər, 1134 nəfər həlak oldu.

 

Binanın sahibi Sohel Rana faciədən 4 gün sonra Hindistana qaçmaq istəyərkən sərhəddə yaxalandı. Onun və aralarında dövlət məmurlarının da olduğu 37 nəfərin məhkəməsi, internetdəki son məlumatlara görə hələ yekunlaşmayıb. Bu zaman yalnız Rana həbsdədir.

Binada yerləşən fabriklərin işçiləri Benetton, Zara, The Children’s Place, El Corte Ingles, Joe Fresh, Mango, Matalan, Primark, Walmart, Calvin Klein, Carrefour , Auchan, KiK, Primark, Loblaw, Bonmarche və digər brendlər üçün geyimlər tikir və bunun müqabilində ayda 38 avro maaş alırdılar, özü də – qəzanın göstərdiyi kimi – heç bir təhlükəsizlik təminatı olmayan yerdə. Buna görə də hadisə Qərb ölkələrində geniş rezonans doğurdu. Roma papası Fransisk də daxil olmaqla bir çoxları həmin şirkətləri qul əməyindən istifadədə günahlandırdılar.

Mənbə: Teleqram kanalı “Tarixçi”

Tacxeber.com

Oxşar xəbərlər