Yaşıl çay ekstraktı Daun sindromlu uşaqların üz quruluşunu dəyişdi – FOTO
Aparılan tədqiqatın fotolu görüntüləri də yayılıb.
Belçika və İspaniyadan olan beynəlxalq alimlər qrupu yaşıl çay qida əlavəsinin (ekstrakt) Daun sindromlu uşaqlarda üz quruluşunun formalaşmasına təsirini müəyyənləşdiriblər.
“Scientific Reports” xəbər verir ki, əlavənin təsirinin dozadan asılı olduğu aydınlaşıb.
Belə ki, orta miqdarda yaşıl çay ekstraktı üz quruluşunun düzgün formalaşmasına kömək edib, böyük dozalarda qəbul isə deformasiyaların artmasına səbəb olub.
Qeyd edək ki, Daun sindromu insanda 46 əvəzinə 47 xromosomun olduğu genetik patologiyadır. Bu xüsusiyyət insanın fiziki və intellektual inkişafına təsir göstərir.
Tədqiqatçılar yaşıl çay ekstraktının Daun sindromunda üzün inkişafına təsir edə biləcəyini öyrənməyə qərar veriblər.
Siçanlar üzərində aparılan tədqiqatlar müsbət nəticə verdikdən sonra alimlər insanları əhatə edən araşdırma aparıblar. Bu məqsədlə onlar 18 yaşa qədər 287 uşağın üzünün 3D modellərini yaradıblar.
Bütün bu uşaqların üz modellərinin müqayisəsi aşağıdakı nəticələri göstərib: ən gənc uşaq qrupunda (0-3 yaş arası) müalicə almayan Daun sindromlu uşaqların üzləri sağlam uşaqlardan 57%, yaşıl çay ekstraktı qəbul edən eyni uşaqların üzləri sağlam olanlardan yalnız 25 % fərqlənib.
Yeniyetmələr arasında əlavənin qəbulu zamanı yaxşılaşma nəzərə çarpmayıb.