• 23 Noyabr 2024 06:17

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək…

Qazax qəzasının əraziləri Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövründən başlayaraq 1929-cu ilə qədər hissə-hissə zor gücü ilə ələ keçirilmişdir. Həmin proses 1918-ci ildən başlayır. 1918-ci il may ayının 29-da Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı ermənilərə güzəşt etməsi ilə bağlı daha bir məsələ var. 29 may 1918-ci il tarixli Milli Şuranın 3 saylı protokolunda bu yoxdur. Biz yalnız İrəvanın ermənilərə güzəşt edilməsindən danışırıq. Ancaq 31 iyul 1918-ci il tarixində Fətəli xan Xoyskinin həmin dövrdə Ermənistan respublikasının nümayəndələri ilə sərhəd məsələləri ilə bağlı İstanbulda danışıqlar aparan Məhəmməd Əmin Rəsulzadəyə göndərdiyi bir depeşedə (sürətli diplomatik məktub) belə deyilir: “…İstədiyiniz xəritələri hər biri bir nüsxə olmaqla sizə göndərirəm, Azərbaycanın sərhədlərini hər cür müdafiə etməlisiniz; əgər ermənilər Qarabağa iddia etsələr, İrəvanı və Qazax rayonunun bir hissəsini onlara verməkdən imtina edin, lakin əgər ermənilər şifahi razılaşmaya sadiq qalsalar, hətta xəritədə nöqtəli xətt ilə göstərilən İrəvan rayonu hissəni də onlara vermək olar…”

 

Tacxeber.com xəbər verir ki, bu barədə tarixçi alim Səbuhi Hüseynov məlumat yayıb.

 

“Depeşedən belə görünür ki, artıq 1918-ci ildə Qazaxın hansısa hissələrinin güzəşt edilməsi planlaşdırılmışdır. Həmin dövrdə Qazax qəzasının cənub sərhədləri Göyçə gölü sahilində olan Çubuqlu kəndinə qədər ərazini əhatə edirdi. Bu ərazilərə indiki Dilican, İcevan (Karvanasara) və digər ərazilər də daxil idi. Bu danışıqlardan sonra rəsmi olaraq hansı ərazinin güzəşt edilməsi dəqiq bilinmir. Çünki bu hadisədən az sonra erməni silahlı qüvvələri Qazax qəzasının bir sıra ərazilərini işğal yolu ilə ələ keçirdi. Çünki bu işğalla bağlı arxivlərdə Azərbaycan Xalq Cümhuriyyəti rəsmilərinin o zaman Ermənistan respublikasının nümayəndələrinə təqdim etdiyi çox sayda notalar da mövcuddur. Təəssüf ki, Fətəli xan Xoyskinin məktubda haqqında söhbət açdığı bu xəritələr hələ ki, Azərbaycan tarixşünaslığında aşkar edilərək elmi tədqiqatlara cəlb edilməyib. Güman edirəm ki, bu xəritələr Türkiyədə olan arxivlərdə ortaya çıxacaq. Çünki rəsmi olaraq sərhəd mübahisələrinin həlli ilə bağlı müzakirə İstanbulda Osmanlı məmurlarının iştirakı ilə keçirdi”, – alim qeyd edib.

 

S.Hüseynov məktubun əslinin saxlanıldığı yeri də əlavə edib:

 

“Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi, f. 277, siy. 2, iş. 7, v. 37-38. Аvtoqraf. Məktubun mətni üçün bax: Азербайджанская Демократическая Республика. Внешняя политика. (Документы и материалы) — Баку, издательство “Азербайджан” 1998. c. 33-34”.

Tacxeber.com

Oxşar xəbərlər