• 28 Noyabr 2024 14:55

Nikolas Alkemade – 5490 metr hündürlükdə uçan təyyarədən paraşütsüz tullanaraq sağ qalan adam.

1922-ci il təvəllüdlü Nik İkinci dünya müharibəsi başlayanda Britaniya ordusuna çağrılır və təyyarə atıcısı kimi təlim keçir. Daha sonra “Avro Lancasters” ağır bombardmançı təyyarəsinin heyət üzvü olur. Bu təyyarənin bir neçə yerində atıcılar üçün yer vardı. Nik quyruqdakı atıcı olur.

 

Onun təyyarəsi 14 dəfə Almaniyanı bombalayaraq uğurla geri dönür. Amma 1944-cü il martın 24-dən 25-ə keçən gecə 300 təyyarə ilə birlikdə Berlini bombalayıb geri qayıdan zaman Nikin təyyarəsi vurulur. “Lancasters” alışır, qanadının bir hissəsi qopur, təyyarə spirialvari dövrə vuraraq aşağı düşməyə başlayır.

İsti tamamilə dözülməz olanda Nikolas tullanmaq üçün paraşütünə əl atır və onun da yanaraq yararsız hala düşdüyünü görür. Yanmaq, yoxsa yerə çırpılaraq ölmək – atıcı sonuncu seçir və yerə 5490 metr hündürlükdən yerə tullanır. Lakin aşağıdakı şam ağacları onun sürətini azaldır, üstəlik yerdə də hündür qar örtüyü vardı. Nəticədə Nik əllərinin yanması, dizinin çıxması və bir neçə sıyrıqla qurtulur. Digər heyət üzvləri isə tullana bilməyib həlak olurlar.

 

Almanlar onu əsir götürəndə danışdıqlarına inanmırlar. Amma yerə çırpılan təyyarəni tapanda quyruq atıcısı yerində paraşütün qalıqlarını görürlər və əsirin doğru danışdığına inanırlar.

Nikolas Alkemade bir il əsir düşərgəsində saxlanıldıqdan sonra 1945-ci ilin mayında azad edildi və Britaniyaya qayıtdı, kimya sənayesində işlədi. 1987-ci ildə vəfat etdi.

Mənbə: “Tarixçi” (teleqram)

Tacxeber.com

Oxşar xəbərlər