“Putin bıçaqla cüyürlərdən birini kəsərək ürəyini çıxardı” – Berluskoni
İtaliya Senatının keçmiş üzvü Fabritsio Çiççitto Rusiya Prezidenti Vladimir Putinin ov edərkən iki cüyür öldürməsindən və onlardan birinin ürəyini çıxararaq İtaliyanın keçmiş baş naziri Silvio Berluskoniyə təklif etməsindən danışıb.
O, bu barədə “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, uzun müddət İtaliyanın baş naziri olan Berluskoni o vaxt həm də Senatın üzvü olub.
“Forza Italia” partiyasının keçmiş senatoru hadisənin 2013-cü ildə Putinin Berluskonini ova apararkən baş verdiyini bildirib.
Berluskoni Putinin malikanəsində qonaq olub. Qayıdanda o, hadisəni o dövrdə Palatada qrupun lideri olan Paolo Bonayuti və Fabritsio Çiççittoya danışıb.
Çiççittonun sözlərinə görə, Berluskoni: “Vladimir mənə bu cür mehriban və rasional insanda təsəvvür etmədiyim qəddar bir xarakter göstərdi”, – deyib.
Çiççitto bu sirli səfərin təfərrüatlarını Berluskoninin dilindən danışıb:
“Putin mənə dedi ki, Silvio, gəl ova gedək. Getmək istəmirdim, heç vaxt tüfəngə toxunmamışdım, amma təkid etdi və mən də onunla getdim. Biz qarda gəzəndə o, iki cüyür görüb onlardan birinə işarə etdi və: “Bu sizindir, vurun onu”, – dedi. Sonra o, məmnunluqla üzümə baxdı və: “Bu gün mən sizə qeyri-adi yemək təqdim edəcəyəm”, – dedi.
Heyvanları öldürdükdən sonra Putin əlində bıçaq yamacdan aşağı düşdü və cüyürlərdən birini kəsərək ürəyini çıxardı. Sonra mühafizəçidən taxta nimçə gətirməsini xahiş etdi. Onu mənə uzatdı və qanlı ürəyi üstünə qoyaraq: “Bu qeyri-adi yemək olacaq”, – dedi. Mən özümü çox pis hiss etdim. Bir ağacın arxasında gizləndim və qusdum”.
Keçmiş baş nazir buna baxmayaraq, dostunu müdafiə edib və: “Bəlkə də bu, sadəcə olaraq bir ovçu adətidir”, – deyib.
Kreml hələ ki, “Corriere della Sera” nın məqaləsinə münasibət bildirməyib.