• 25 Noyabr 2024 06:00

“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” – Qalmaqallı sözlər

“Təkcə məhşurlar yox, bir çox Azərbaycan bəyləri xanımlarının tanınmasını, gündəmdə olmasını istəmirlər”.

 

Bu sözləri “Yeni Sabah”a psixoloq İlhamə Mustafayeva deyib. O, məsələni və səbəblərini belə şərh edib:

 

“Bunlar ilk növbədə dərin şüuraltı psixoloji kodlarla əlaqədardır. Qızının təhsil almasını istəməyən, amma arvadı üçün qadın həkimi axtaran xalq olmuşuq. Nə yaxşı ki, bizim M.Ə.Sabir, C.Cabbarlı və digər mütəfəkkirlərimiz olub ki, biz bir çox kodları qıra bilmişik. Amma çox təəssüflər olsun ki, bu gün də qadına öz əşyası kimi baxan bəylər var. Mən səni almışam, sən mənə aidsən, sənin üzərindəki haqlara mən sahibəm, evin kişisi mənəm, mənim icazəm olmadan heç nə edə bilməzsən və s. kimi düşüncələr hələ də bir çox bəylərimizdə qalıb. “Mənim qadınımı heç kim görməsin ,amma mən başqasının qadınına baxa bilərəm”, “qadınım evdə otursun amma mən çöldəki qadınlarla münasibət qurum, dostluq edim” və s. düşüncəsi çox cılız düşüncədir. Əgər sənin düşüncən bu qadını qorumaqdırsa, əsl kişisənsə, onda sən başqa qadınları da qorumalısan. Bu, ən birinci “mən üstünəm, mən birinciyəm” düşüncəsinə dayanır. Lakin bunun kökündə yatan səbəb “mən qorxuram”, “mən özümə güvənmirəm”dir. “Mənim qadınıma kimsə baxa bilər”, “ona sərbəstlik verərəm məndən gedə bilər” qorxusu və Azərbaycan cəmiyyəti olaraq “kim nə deyər” qınağı “sən yaxşı kişi olsan” üç nöqtələr psixologiyası var”.

 

Psixoloq qeyd edib ki, biz münasibətlərdə daha çox bir-birinin azadlığını əlindən alan cəmiyyətik:

 

“Mənim arvadımdırsa, mənim ərimdirsə tam mənə aid olmalıdır, mənim kimi düşünməlidir, mənim sevdiyim şeyləri sevməlidir, mənimlə razılaşmalıdır və s. düşüncəmiz var. Bunun əksi olanda o məni saymır, o məni istəmir və s. kimi düşüncə xətalarına baş vururuq. Kiminsə arvadının məhşur olması və ya hansısa fəaliyyət növü ilə məşğul olması ayıb bir şey deyil, nə isə etmək istəyən insan zəncirə də vursan, o zəncirdən açılan kimi, birinci etmək istədiyi şeyə qaçacaq, çünki bu sadə psixologiyadır. Sən bir nəfərin qadını və ya bir nəfərin kişisi ola bilərsən, bütün digər hallarda hansı cinsə aid olmağından asılı olmayaraq, insansan. Öz qadınınla, öz kişinlə o harmoniyanı, o sevgini, o marağı evində yarada bilmirsən, çünki bunun üçün əziyyət çəkməlisən, amma bayırda hazır şəkildə olanı əldə etmək istəyirsən, çünki əziyyət çəkməyin lazım deyil”.

 

İ.Mustafayeva qadınların tanınmaq istəyinin səbəbini belə açıqlayıb:

 

“Qadınlar niyə inkişaf etmək istəyir, niyə maraqlı olmaq istəyir? Baxır ki, onun kişisi sosial şəbəkələrdə və ya başqa yerdə hansısa maraqlı bir qadını izləyir, o da bu cür olmaq istəyir. Ona görə ki, qadın şüuraltı olaraq ailəsini, evini qorumaqda maraqlıdır. Kişilər onu azadlığından məhrum edəndə qadın ya xəstələnəcək, ya da gedəcək. Belə bir psixoloji nüans da var ki, kişilər tanınan, inkişaf edən, öz ayaqları üstündə duran qadınları idarə etməkdə çətinlik çəkirlər. Onlar üçün evdən çölə çıxmayan qadın həmişə ideal variantdır. Bu olduqda, kişinin başı dinc olur. İstəyirlər ki, xanımları evdə otursun, işləməsin, məhşurlaşmasın və gözü bağlı olsun. Onda kişilər fikirləşir ki, qadınlara belə məhdudiyyət qoymaqla cəmiyyətdən təcrid edirlər. Beləliklə, özləri istədikləri kimi davranırlar.

 

Qadına məhdudiyyət qoymaq yerinə ona dəstək olmaq ailələri də, cəmiyyəti də xoşbəxt edəcək. Beləliklə, hər kəs öz evindəkinə, öz yanındakına maraqlı olacaq”.

Tacxeber.com

Oxşar xəbərlər