Nigar: ””Avroviziya”da pozğunluğun reklamı ən yüksək səviyyədə idi” – FOTO
“Vaxt var idi, heç “Avroviziya”da yox idik. Vaxt da var idi, qalib olmuşuq, ikinci yeri də tutmuşuq, dəfələrlə onluqlarda olmuşuq, aşağı pillələrdə də yer almışıq. Finala da keçmədiyimiz illər olub. Ona da müsabiqə deyərlər, bir gün qalib olan, bir gün uduzmağı da bacarmalıdır. Əsas odur ki, ölkə hər zaman layiqli təmsil olunub”.
Bu sözləri aparıcı Ranar Musayev “Avroviziya” təmsilçilərimiz Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətovun finala çıxmadığına görə sosial şəbəkə əhli tərəfindən tənqidlərə məruz qalmasına cavab olaraq yazıb.
Ranar Musayev təmsilçilərimizin musiqi prodüseri Eldar Qasımovun istefasını tələb edən izləyicilərə yarışmanın pərdəarxası məqamlarını açıqlayıb:
“Vacib amillərdən biri də odur ki, 16 ildir beynəlxalq standartlara cavab verən, böyük səhnəyə hazırlıq prosesindən keçən, məktəb görən, təcrübəli, peşəkar ulduzlarımız yetişir. Bu il də eyni təcrübə keçmiş daha 2 müğənni yığdıqlarını öz ölkələrində paylaşmağa qayıdır. O ki qaldı heç vaxt heç nəyə nail olmayan, istefa tələbi ilə çıxış edən, divan ekspertlərinə: Bu gün eyni bulvarda addımlayaraq “Crystal Hall” konsert zalına gedəndə, adımızı dünyanın ən məşhur mahnı yarışması “Avroviziya” tarixində qalib ölkə kimi görəndə, nankor beyninizi işə salıb, xatırlayın ki, bu əziyyətin bir payı həmin istefasını tələb etdiyiniz şəxsin çiyninə düşür.
13 il öncə hava limanında bayrağı çiyninə atıb yallı gedənlər indi unudub ki, həmin bayrağın nümayəndələri dəyişilməyib. Yenə də özümüzük. Bir də özünüzə sual verin: Bəs, mən ölkəmin inkişafı üçün nə etmişəm? Ucalanı qucağa almaq, göydən yerə düşəni tapdalamaqdan başqa nə bacarığım var? Ona görə də istər qalibiyyət, istərsə də məğlubiyyətlə nəticələnən cəhdin əziyyətinə görə hər kəsə təşəkkür düşür. Biriləri yıxıla-yıxıla, cəhdləri nəticəsində qalib olur. Digərləri tapdalaya-tapdalaya sonda qalibin qarşısında sadəcə başını əyməli olur. İndi seçim edək: kim yıxılmaq, kim tapdalamaq istəyir?”.
Musayevin qalmaqallı paylaşımını 2011-ci ildə Azərbaycana “Avroviziya” sevinci bəxş edən Nigar Camal belə şərh edib:
“Yarımfinalda hər şey qabardılmış idi. Nömrələr rəngarəng, amma zərif idi. Müharibə və Vətən mövzusu “Avroviziya”da qadağandır. Əgər kimsə bu haqda oxusa, diskvalifikasiya edilir. Amma şeytanlığın, qrup seksinin təbliği, bir sözlə pozğunluğun reklamı ən yüksək səviyyədə idi və bu qəbuldur”.