• 23 Noyabr 2024 22:04

Azərbaycandan 360 min dollar rüşvət almaqda ittiham edilən ABŞ konqresmeninin keçmiş səfirlə əlaqələri üzə çıxıb

ABŞ Konqresinin üzvü Henri Kuelyar Vaşinqtonda Bakıya lobbiçilik etmək müqabilində SOCAR-dan 360 min dollara yaxın rüşvət almaqda ittiham olunub.

 

Mayın 3-də Texas məhkəməsi tərəfindən çirkli pulların yuyulması, sui-istifadə və rüşvətxorluq ittihamları ilə məsuliyyətə cəlb olunan Henry Kuelyar və həyat yoldaşı İmelda Kuelyar daha sonra 100 min ABŞ dolları olmaqla girov müqabilində sərbəst buraxılıblar.

Onlar Meksika bankı vasitəsilə Azərbaycan dövlətinə məxsus neft şirkətindən ümumilikdə 600 min dollar rüşvət almaqda ittiham olunurlar. “OC Media” həmin neft şirkətinin SOCAR olduğunu müəyyənləşdirib.

 

İttihamlar Federal Təhqiqatlar Bürosunun konqresmen Kuelyarın Azərbaycanla əlaqələrinə dair iki illik araşdırmasından sonra verilib.

Cütlüyün İmelda Kuelyara məxsus saxta şirkətlər vasitəsilə rüşvət aldığı müəyyən edilib. İttiham aktında qeyd olunub ki, konqresmen “Azərbaycan hökumətinin ABŞ-da maraqları üçün öz vəzifəsinin gücü və nüfuzundan istifadə edəcəyinə söz verib”.

 

“Henri Kuelyar, digər məsələlərlə yanaşı, Azərbaycanın qonşu Ermənistanla münaqişəsi ilə bağlı bir sıra qanunvericilik aktlarına təsir göstərməyə razılıq verib, müəyyən təhlükəsizlik və iqtisadi yardım proqramlarını tənzimləyən qanunvericiliyə və komitələrin hesabatlarına Azərbaycan hökumətinin bəyəndiyi ifadələri daxil edib, Nümayəndələr Palatasının zalında azərbaycanyönlü çıxışlar edib və ABŞ hökumətinə lobbiçilik etmək səyləri ilə bağlı Azərbaycanın nümayəndələri ilə məsləhətləşib”.

Kuelyarlarla bağlı 54 səhifəlik ittiham aktında “Diplomat-1”, “Fərd-1” və “Fərd-3” adları ilə qeyd olunan cütlük və azərbaycanlı idarəçilər arasında geniş əlaqələr təfərrüatlı şəkildə əks olunub. Kuelyar ilə əlaqə quran “Diplomat-1” Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Elin Süleymanov olub.

 

Bildirilib ki, konqresmen Kuelyar Azərbaycanla ilk əlaqələri 2013-cü ilin yanvar ayının əvvəlində Texas ştatının Hyuston şəhərində yaşayan türk iş adamının Türkiyə və Azərbaycana etdiyi səfərə sponsor olması və orada yüksək səviyyəli azərbaycan rəsmiləri və dövlətə məxsus neft şirkətini təmsil edən şəxslərlə görüşündən sonra qurub.

İttihamnamədə Kuelyarın hansı şirkətlə əlaqəsi olduğu göstərilməsə də, SOCAR Azərbaycan dövlətinə məxsus yeganə neft şirkətidir. Bu, Kuelyarların əlaqə saxladığı xarici neft şirkətinin 2012-2015-ci illər arasında Vaşinqtonda ofisinin olduğunu göstərən məlumatlarla üst-üstə düşür. Azərbaycanın dövlət agentliyi SOCAR-ın 2012-ci ildə Vaşinqtonda təxminən 12 milyon dollara bina aldığını yazıb.

 

2015-ci ildə “The Washington Post” qəzeti SOCAR-ın 2013-cü ildə 10 millət vəkili və 32 əməkdaşın bütün xərclərinin ödənildiyi Bakı səfərini gizli şəkildə maliyyələşdirdiyini aşkarlayıb. Məqalədə ABŞ millət vəkilləri və əməkdaşlarının “yüz minlərlə dollar” səyahət xərcləri, dəyəri 2 500-10 000 ABŞ dolları arasında olan ipək şərflər, xrustal çay dəstləri və Azərbaycan xalçaları aldığı bildirilib.

Kuelyar və Azərbaycanın keçmiş səfiri Elin Süleymanov arasındakı yazışmalarda səfirin konqresmenin Azərbaycanla bağlı qətnamələri və nitqləri ilə tanış olduğu göstərilir. Sitatların birində Kuelyar ABŞ-ın yüksək rütbəli məmuruna yazdığı məktubu Süleymanovla paylaşıb və orada Ermənistanı Rusiyanın “maşası” olmaqda ittiham edib. Süleymanov Kuelyarın işini tərifləyərək deyib ki, “Ən yaxşısı sənsən, şef!”. Kuelyar isə “Bəli, cənab” cavabını verib.

 

İttihamnamədə həmçinin qeyd olunur ki, Süleymanov 2018-ci ildə Qarabağda minatəmizləmə işlərini maliyyələşdirməyə dair başqa bir konqres üzvünün qətnaməsinə qarşı Kuelyarın təzyiqindən də istifadə edib. Keçmiş səfir Ermənistanı və ya keçmiş Dağlıq Qarabağ kökumətini dəstəkləyən əlavə qətnamələrin qəbuluna mane olmaq üçün Kuelyara lobbiçilik edib.

Hətta Kuelyarın işçisi ABŞ Dövlət Departamentinin rəsmilərinə “[Süleymanovun] qızının ABŞ pasportunu yeniləməyi tövsiyə edən və onlara təzyiq edən” çoxsaylı elektron məktublar göndərib.

 

İttihamla bağlı Bakıdan gələn reaksiyaların sayı elə də çox olmayıb. Lakin çərşənbə axşamı Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Oruc “onlar konqresmen Henri Kuelyarı Azərbaycandan rüşvət almaqda ittiham edirlər, ölkəmizin dostlarını linç edirlər” deyərək “Azərbaycana qarşı sanksiya çağırışı edən şəxslərin Azərbaycana yolu bağlanmalıdır” deyib. (AbzasMedia)

Tacxeber.com

Oxşar xəbərlər