“Sosial şəbəkələrdəkilərin 95 faizi axmaq, səviyyəsiz adamlardır” – Xalq artisti
“Məncə, bu təbii haldır. Ona qalsa, bizdə hər şeyi rüşvətlə bağlamaq var. Tək Azərbaycanda yox, bütün MDB məkanında, Avropada və digər yerlərdə, harada istəyirsiniz rüşvət var. Hə, bir də var cüzi, mədəni rüşvət, bir də qeyri-mədəni rüşvətlər. Hansı ki, bunlar ayrı məsələlərdir”.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasından verilən məlumata görə, ümumilikdə 456 nəfər dissertasiya müdafiə edib. Bunun 207-si elmi müəssisələrdə, 249-u ali təhsil müəssisələrində olub.
389 nəfər fəlsəfə doktoru, 67 nəfər isə elmlər doktoru üzrə dissertasiya müdafiə edib.
Tarixə ekskursiya edən Xalq yazıçısı öz növbəsində qeyd edib ki, I Pyotr belə rüşvətin qabağını ala bilməyib:
“Bu, çətin məsələdir. Ona görə də düşünürəm ki, bu məsələni rüşvətlə bağlamaq, məncə, düzgün deyil. Çünki insan var ki, doğrudan da elmlə məşğul olur və dəxli yoxdur, o deputatdır, yaxud qeyri-deputat. Ola bilər, o adam millət vəkili kimi də elmlə məşğul olsun. Biz ona deyə bilmərik ki, sən niyə elm adamı ola-ola elmlər namizədi olmaq istəyirsən? Olmaq istəyir, çünki elmlə məşğul olur.
Baxın, siz sosial şəbəkələrə də çox inanmayın. Mən də sosial şəbəkələrdə varam. Sosial şəbəkələr kütlədən ibarətdir. Oradan 95% səviyyəsiz, axmaq çıxırsa, onun yalnız 5%-i ağıllı adam olur. Belə olanda həmin o 95%-in sözünə niyə baxırsınız? Hansı ki, onlar deyir, bu, rüşvətlədir”.
N.Rəsulzadə əlavə edib:
“Yəni ki, bu 456 yox, lap 356 olsaydı belə, deməli, bu rüşvətsizdir? Ona görə də mən düşünmürəm ki, bunların hamısı ucdantutma rüşvətə görə elmlər namizədi olsunlar. Əslində, onların yarısından çoxu bəlkə də elmi sevən, elmə vurğun olan insanlardır ki, onlar sadəcə elmlə məşğul olmaq istəyirlər. Belə çıxır ki, 456 nəfər elmlər namizədi adı alıbsa, bu rüşvətlədir? Bu, düzgün deyil. Onu da deyim ki, sosial şəbəkələrdə mən dərin fikirləri çox nadir halalrda görürəm. Ona görə də onlara inanmaq çətindir”.
Əməkdar incəsənət xadiminin fikrincə, bunu təkcə təhsilin səviyyəsi ilə də bağlamaq düzgün deyil:
“Çünki, əgər onlar pedaqoji istiqamətdə namizəd olublarsa, bu, başqa məsələ. Onda deyə bilərik ki, 456 nəfər elmlər namizədi var, amma təhsil belə bir gündədir. Amma onların arasında texniki və humanitar elmlər üzrə namizəd olanlar da var. Ona görə də bu məsələyə birmənalı yanaşmaq çox çətindir”.
Müsahibimizin sözlərinə görə, bu, bir tərəfdən də çox sevindirici haldır:
“Çünki elmlə məşğul olmaq istəyən insanların arasında bu rəqəmin olması çox yaxşıdır. Amma bunu gərək araşdıraq ki, bu 456 nəfərdən neçəsi rüşvətlə, neçəsi öz ağlı ilə keçib, bu, çətin məsələdir. Məncə, bunu araşdırmağa da dəyməz, çünki bunlar sosial şəbəkələrdə gələn narazılıqdır. Onlar da qoy etsinlər narazılıqlarını. Çünki elmə heç bir dəxli olmayan insan gəlir elmlər namizədi, doktor olmaq istəyir, lakin olmur. O da deyir ki, yaxşı, bəs mən niyə qıraqda qalmışam? Qoy, sosial şəbəkələrdə çıxış edim və deyim ki, bu, biabırçılıqdır. Olmaz belə bir şey. İndi baxırsan, biri qısqanır, biri başqa motivləri qatır buna. Amma mən inanmıram ki, bu 456 nəfərin elmlər namizədi olmasında hansısa əliəyrilik olsun. Belə yanaşmaq düzgün deyil”.
Rafi MÜSLÜMOV