Belbek aviabazasına hücum barədə nə məlumdur? – Rusiyanın itkiləri
Sevastopol yaxınlığındakı Belbek Rusiya hərbi aviabazası bir gün əvvəl Ukrayna tərəfindən ATACMS raketləri ilə hücuma məruz qalıb.
Hücum nəticəsində aviabazada çoxsaylı partlayışlar və yanğınlar meydana gəlib.
Rusiya ordusu raketlərin əksəriyyətinin məhv edildiyini xəbər versə də, yerli media xeyli hərbi texnikanın sıradan çıxarıldığını, həmçinin çox sayda itki olduğunu yazıb.
Sevastopol qubernatoru Mixail Razvojayev də hücumu təsdiqləyib, ancaq itkilər və dağıntılar barədə heç bir məlumat verməyib.
Rusiya Müdafiə Nazirliyi Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Krım yarımadası üzərində on ATACMS əməliyyat-taktiki raketini məhv etdiyini bildirib. Ancaq nazirlik də itkilər və dağıntılar barədə heç bir məlumat yaymayıb.
Peyk fotolarından Krımdakı Belbek aerodromunun bombalanmasının nəticələri məlum olub. Fotolar təsdiq edir ki, mayın 15-də Rusiyanın Belbek aviabazasının ərazisində biir neçə yanğın baş verib. Fotolardan görünür ki, əsas yanğınlar hərbi təyyarələrin dayandığı uçuş-enmə zolağında baş verib.
Peyk fotoları ilə dəqiqləşib ki, raket hücumu nəticəsində Rusiya ordusuna məxsus aşağıdakı hərbi texnika məhv olub:
– 2 ədəd MiQ-31 təyyarəsi;
– 1 ədəd MiQ-29 təyyarəsi;
– 1 ədəd MİQ-27 təyyarəsi;
– 1 ədəd Su-27 təyyarəsi;
– 1 ədəd S-400 hava hücumundan müdafiə raket buraxılış qurğusu;
– 1 ədəd “92N6E” radarı;
– Yanacaq və sürtkü materialları anbarı.
Rusiyanın “Fighterbomber” Teleqram kanalı isə mənbəyə istinadən xəbər verir ki, 20 rus əsgəri ölüb, 30 rus əsgəri yaralanıb.
Qeyd edək ki, aviabazada Rusiya Hərbi Hava Qüvvələrinin 38-ci Qırıcı Aviasiya Alayı və Rusiya Fövqəladə Hallar Nazirliyinin Sevastopol Aviasiya Xilasetmə Mərkəzi, həmçinin, 12 Su-27 təyyarəsi, 12 Su-27SM təyyarəsi, 3 Su-27UB təlim-döyüş təyyarəsi, 5 Su -30M2 təyyarəsi yerləşib.