Doğum günündə gözlərini itirən qazi: “Bu tarix mənim üçün qürurvericidir”
44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən şanlı, ən parlaq səhifəsidir. Şəhidlərimizin qanı-canı, qazilərimizin itirilmiş sağlamlıqları bahasına, ümumilikdə Azərbaycan hərbçilərinin, Azərbaycan döyüşçülərinin şücaəti, igidliyi, rəşadəti hesabına tariximizin dastanlara sığmayan qəhrəmanlıqlarla dolu bu əbədiyaşar səhifəsinin yazılmasında qazi Kamran Baxşizadənin də öz payı var. Bu pay – 30 ilə yaxın düşmən tapdağı altında qalan Qarabağın azad olunması uğrunda verdiyi göz payıdır.
Tacxeber.com xəbər verir ki, 1994-cü il oktyabrın 14-də Xızıda anadan olmuş Baxşizadə Kamran Tarel oğlu ilk təhsilini şəhid Rafiq İsmayılov adına Xızı şəhər orta məktəbində alıb.
2012-ci ildə Naxçıvan Universitetinə daxil olan Kamran 2016-cı ildə həmin təhsil ocağını tarix müəllimi ixtisası üzrə bitirib. 2016-17-ci illərdə Naxçıvanda hərbi xidmətdə olub. 2017-ci ildən II Qarabağ müharibəsi başlayana qədər Xızı Rayon Məhkəməsində dəftərxana müdiri vəzifəsində çalışıb. 2020-ci il sentyabrın 27-də könüllü olaraq Vətən müharibəsinə gedib. Erməni işğalçılarını torpaqlarımızdan qovmaq, onlardan qisas almaq amalı ilə, ürəyində Vətən sevgisi, Vətən eşqi ilə müharibəyə yollanan Kamran Baxşizadə xüsusi təyinatlı dəstələrin tərkibində döyüşlərə qatılıb. Ağdərə -Tərtər istiqamətində gedən qanlı savaşlarda iştirak edib.
Oktyabrın 14-də Suqovuşanda torpaqlarımızın işğaldan azad olunması zamanı növbəti hərbi əməliyyatlarda iştirak edən Kamran kəşfiyyat tapşırıqlarını yerinə yetirərkən, düşmən mərmisinə tuş gələrək ağır yaralanıb, gözlərini itirib.
1994-cü il oktyabrın 14-də dünyaya göz açan Kamran Baxşizadə 26 il sonra öz doğum günündə həmin gözləri itirib.
Lakin gözlərinin nurunu itirən qazi Kamran Baxşizadənin çöhrəsində səmimiyyət, mehribanlıq, alicənablıq, qürurluluq, vüqarlılıq, mətinlik, həyat şövqü itməyib.
“Oktyabrın 14-ü həm doğum günümdür, həm də candan əziz Vətənimin azadlığa qovuşması uğrunda gözlərimi itirdiyim gündür. Bu tarix mənim üçün əlamətdar və qürurvericidir. Millətim, dövlətim, torpağım naminə işğalçıları məhv edərək gözlərimi itirdiyim gün mənim üçün fəxarət günüdür. Mən şəhid olmasam da, gözlərim şəhid oldu”, – Kamran Baxşizadə bildirir.
Ağır yaralanaraq gözlərini itirdiyi günü səbrlə, təmkinlə, fəxrlə xatırlayan Kamran Baxşizadə möcüzə şəklində yenidən həyata qayıtmasını döyüş dostlarının və həkimlərin fədakarlığı nəticəsində baş verdiyini söyləyib.
Kamran Tarel oğlu Baxşizadə Prezident İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalları və Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.
Respublikamızda həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri də müharibə əlilləri, şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısıdır. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini mühüm vəzifə kimi müəyyən edib.
Kamran Baxşizadə Prezident İlham Əliyev başda olmaqla, müvafiq dövlət qurumları tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb: “Mənə Sumqayıt şəhərində 3 otaqlı mənzil və “Xazar” markalı minik avtomobili verilib. Xızıda valideynlərimlə birgə yaşadığım fərdi ev yüksək keyfiyyətlə tam təmir olunub. Həyət və küçə asfaltlanıb. Ailə üzvlərimin işlə təmin olunmasında köməklik göstərilib. Bunu da müsbət qiymətləndirirəm. DOST Mərkəzi tərəfindən bacım işlə təmin olunaraq mənə qulluq edir, xidmət göstərir. Qardaşım Şükür Baxşizadə Xızı Rayon Məhkəməsində mənim əvvəllər icra etdiyim vəzifəyə təyin olunub. O, hal-hazırda hərbi xidmətdədir”.