Xankəndidən qayıdan Məmmədyarov Oskanyan və Nalbəndyana nə göndərmək istəyib? – Maraqlı açıqlama
“Çox adam elə bilir ki, iki gün öncə mən yalnız Şuşada səfərdə olmuşam, amma belə deyil”.
Bu sözləri sabiq xarici işlər naziri Elmar Məmmədyarov Qarabağa səfər etməsi haqda Globalinfo.az-a danışarkən deyib.
O bildirib ki, Laçını, Şuşanı, Zabuxu, Sus, Ağdam və Xankəndini gəzib:
“Düzünü desəm, qürurlandıq. Hazırda o ərazilərdə möhtəşəm işlər aparılır. Hər kəsə məsləhət görürəm ki, işğaldan azad olunmuş ərazilərimizi gəzsinlər. Orada şəkillər də çəkdirmişik. Hətta mən Xankəndidə “Nənə və Baba” heykəlinin qarşısında şəkil çəkdirdikdən sonra ürəyimdən keçirdi ki, o şəkli zarafat kimi Vardan Oskanyan və Edvard Nalbəndyana (Ermənistanın keçmiş xarici işlər nazirləri – red.) göndərim (gülür). Çünki danışıqlarda mən Qarabağın bizə aid olduğunu deyən zaman onlar deyirdilər, “sizindirsə, gedin qaytarın”. Qarabağ işğaldan azad olunduqdan sonra mən onlara sözümü dedim”.
E.Məmmədyarov 1992-ci ildə Şuşada Rəhim Qazıyevlə görüşdüyünü deyib:
“Düzdür, işğaldan öncə dəfələrlə Şuşa, Kəlbəcər və digər ərazilərimizdə olmuşam, amma son dəfə 1992-ci ilin fevral ayında Şuşada oldum. Onda da ATƏT-in nümayəndələri ilə helikopterlə getmişdik. O zaman Rəhim Qazıyev orada idi. Qazıyev deyirdi, “ermənilər Şuşanı tutsa, başıma bir güllə vuracam”. Elə oldu ki, may ayının 8-də Şuşa işğal olundu”.
Sabiq nazir torpaqlarımız işğaldan azad olunduqdan sonra Qarabağa ilk dəfə səfər etdiyini qeyd edib:
“Onu da deyim ki, əvvəlki Şuşadan əsər-əlamət qalmayıb. Orada abadlaşdırma işləri aparılır, hər şey yeni, gözəl, səliqəli. Şuşada elə bir otel tikiblər ki, sanki Avropadasan. Təbiət haqqında isə ümumiyyətlə susuram”.
Elmar Məmmədyarov sonuncu dəfə 1992-ci ildə Şuşada olduğu yerə də getdiyini deyib:
“Şuşa hündürlükdə yerləşdiyi üçün oranı qaytarmaq çətin idi, amma igidlərimiz şəhəri möhtəşəm əməliyyat nəticəsində azad etdilər. Bunu sözlə ifadə etmək olmur. Mənim üçün orada olmaq maraqlı idi”.