Beş müqavilənin dördü həyata keçdi, təkcə Sevrdən başqa.
4 iyun 1920-ci il, Birinci dünya müharibəsindən sonra çağrılan Paris sülh konfransı çərçivəsində qalib dövlətlərlə Macarıstan arasında Trianon sülh müqaviləsi imzalanır. Şəkildə Macarıstan nümayəndələri müqaviləni imzaladıqdan sonra Trianon sarayını tərk edirlər.
Müharibədə məğlub olan Mərkəz dövlətləri dörd idi: Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Türkiyə. Amma Avstriya-Macarıstan dualist monarxiya olduğundan Avstriya ilə yanaşı Macarıstan da məğlub dövlət hesab edildi və onunla ayrıca müqavilə imzalanması uyğun bilindi.
Konfrans çərçivəsində Almaniya ilə Versal (28.06.1919), Avstriya ilə Sen-Jermen (10.09.1919), Bolqarıstan ilə Nöyü (27.11.1919) müqavilələri imzalanmışdı.
Macarıstan və Osmanlı ilə sülh müqaviləsinin imzalanması 1920-ci ilə qaldı. Osmanlı ilə müqavilənin gecikməsinin səbəbi konfransa göndərilən birinci heyətin rəhbəri Ahmet Tevfik paşanın təklif olunan şərtləri qəbul etməməsi idi (sonra Damad Mehmed Ferid paşanın rəhbərlik etdiyi heyət imzaladı). Macarıstanla müqavilənin gecikməsinin səbəbi isə ölkə daxilində baş verən qarışıqlıqlar (Macarıstan sovet respublikası və s.) idi.
Macar nümayəndələri Parisə 1920-ci ilin yanvarın 7-də gəlib çıxdılar. Konfransda qalib dövlətlər məğlub dövlətlərlə danışıqlar aparmırdılar, kompromis, konsensus kimi şeylər yox idi. Şərtləri hazırlayıb təqdim edirdilər: bəyənsən də budur, bəyənməsən də. Macarlara da sülh şərtləri yanvarın 15-də təqdim olundu.
İmperiya tərkibindəki Macarıstan krallığının 325 411 kv km ərazisi və dənizə çıxışı vardı. İndi isə dənizə çıxışı və ərazisinin 71,4 faizini itirirdi, cəmi 93 073 kv km qalırdı. Müharibədən əvvəl 20,9 milyon əhalisi vardısa, indi 7.6 milyon (36,36%) oldu. İtirilən əhalinin çoxu başqa xalqlar olsa da, 3,3 milyonu macarlar idi.
Macarıstan nümayəndə heyətinə başçılıq edən qraf Albert Apponyi bu şərtlərə etiraz etdi. İddia etdi ki, müharibəyə Vyanada oturan hökumət başlayıb, macarlar da qeyri-ixtiyari qoşulublar, Macarıstan krallığında milli azlıqlar heç vaxt sıxışdırılmayıb və s.
Apponyi bacarıqlı diplomat və natiq olsa da, nümayəndə heyətinə onun başçılıq etməsinin özü səhv idi. Çünki millətçi idi, təhsil naziri olarkən milli azlıqların dilinin tədrisinə əngəllər törətmişdi. Almanpərəst mövqeyi ilə məşhur idi. Bunları onun yadına saldılar. Üstəlik, xatırlatdılar ki, Avstriya-Macarıstan Serbiyaya qarşı müharibəyə başlayanda parlamentdə sevincək nitq söyləyibmiş.
Bundan sonra macarlar təyini-müqəddərat hüququna istinad edərək qoparılan ərazilərdə referendum keçirilməsini istədilər ki, heç olmasa 3.3 milyon macar yaşayan əraziləri qaytarsınlar. Amma xeyri olmadı. İyunun 4-də təklif olunan şərtləri imzalamalı oldular.
İki ay sonra, avqustun 10-da Versal sistemi çərçivəsində beşinci sülh müqaviləsi – Osmanlı ilə Sevr müqaviləsi imzalandı. Bu beş müqavilənin dördü həyata keçdi. Təkcə Sevrdən başqa: türk xalqının dirənişi və Mustafa Kamal adlı bir general sayəsində.