• 24 Noyabr 2024 03:32

“İslamda Qurban bayramı anlayışı yoxdur” – Elşad Miri

 

Qurban bayramı İslam aləmində ən mötəbər bayramlardan biridir. İyunun 16-17-si Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Bayramın başlamasına sayılı günlər qalıb. Son günlərdə insanları belə bir şey düşündürür. 

 

Qurbanı kimlər kəsməlidir? İmkanı çatanlarmı, yoxsa kasıblar da bu ayini yerinə yetirməlidirlərmi?

 

Elə adamlar var ki, imkanları olmadığı halda borc və ya kreditə girib Qurban kəsirlər.

 

Tacxeber.com xəbər verir ki, Sfera.az məsələyə aydınlıq gətirmək üçün ilahiyyatçı Elşad Miri ilə əlaqə saxlayıb.

 

Elşad Miri bildirdi ki, kredit götürərək qurban kəsən insanlar yaxşılıq edim deyərkən günaha batırlar. Çünki kredit götürmək özü günah hesab olunur:

 

“Qurban anlayışı imkanlılarla imkansızlar arasında körpü rolunu oynamalıdır. Amma imkansız adam özünü göstərmək məqsədilə bunu edirsə, bu doğru deyil. Qurban kəsmək üçün borca düşmək düzgün yanaşma deyil.Onu da qeyd edim ki, qurban sözü yaxınlaşma deməkdir. İnsanlar etdikləri yaxşılıqlara görə Allaha yaxınlaşmağı düşünürlər.

 

Elşad Miri qeyd edib ki, Qurban bayramı adlı anlayış Quranda yoxdur:

 

“Sadəcə olaraq müəyyən ayələrə əsasən özlərindən belə bir şey çıxarıblar. Bu da sonrakı dövrlərdə bir adət-ənənə olaraq formalaşıb”.

 

QMİ sədrinin müavini Hacı Fuad Nurullayev isə bildirib ki, borc və kreditlə qurban kəsmək günah deyil:

 

“Qurban kəsən şəxslər bunu Allah adına edirlər. Bunun müqabilində Allahdan böyük bir savab və mükafat əldə etmiş olurlar.  Ailəsini dolandıra bilən, maddi durumu yaxşı olan şəxslər qurban kəsə bilərlər. Qurban kəsmək vacib olmasa da, dinimizdə təkid olunur.

 

Lakin maddi sıxıntısı olan, ailəsini dolandıra bilməyən və borcları olan şəxslərin qurban kəsməsi məsləhət görülmür.  Maddi vəziyyəti yaxşı olmayan insanın borc və yaxud kredit götürərək qurban kəsməyinin heç bir savabı yoxdur. Amma bu, günah da sayılmır. Bir insanın qurban kəsməyə gücü çatmırsa, bunu etməməlidir. Borcla ancaq vacib işlər görülə bilər.

 

Qurban kəsildikdən sonra onun əti 3 hissəyə bölünməlidir. Bir hissəsi kəsən şəxsin öz ailəsinə, digər 2 hissəsi isə yaxınlarına, qonşularına paylanmalıdır”.

 

Hacı Fuad Nurullayev qeyd edib ki, qurban kəsiləcək heyvan mütləq sağlam olmalıdır:

 

“Buynuzu qırıq, gözü kor və qulağı olmayan heyvanın qurban kəsilməsi günah sayılır.  Xəstə heyvanı qurban kəsməyə icazə verilmir.  Hindquşu və xoruz qurban sayılmır. Qurban xırda və iribuynuzlu heyvanlardan kəsilməli,  yaşları da mütləq nəzərə alınmalıdır.  Xırdabuynuzlu heyvanlar ən azı 6 aylıq, iribuynuzlu heyvanlar isə 1 yaşında olmalıdır.  Əgər qurban olaraq dəvə kəsilirsə, onun yaşı 5-i ötmüş olmalıdır.

 

Qurban bayramı günü məscidlərdə namazlar qılınır. Bəzi məscidlərdə  saat 8-də, bəzilərində isə saat 9-da namaz qılınır.  Qurban kəsən adamın qurban kəsiləndən sonra bayram namazına getməsi böyük savabdır.

 

Onu da qeyd edim ki, Qurban bayramı çox qədim zamanlardan İslam şəriətində mövcuddur.  İbrahim peyğəmbərin zamanından qurbanlıq tarixə daxil edilib. İbrahim peyğəmbər öz oğlu İsmayılı Allah yolunda qurban edib. Amma Allah  insanın qurban olması ilə razılaşmayıb, onu qoçla əvəz edib”.

Tacxeber.com

Oxşar xəbərlər