Sevinc Vaqifqızı: “Qızları təhdid edirlər ki, şikayətçi olsanız, saçınızdan tutub sürüyərik”
Penitensiar Xidmət jurnalistin dediklərini əsassız sayır.
İyunun 7-də Bakı İstintaq Təcridxanasında iki qadını cərimə kamerasına salıblar və onlardan birini 3 saat əliqandallı saxlayıblar.
Bunu “AbzasMedia”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı anası Ofeliya Məhərrəmova ilə telefon danışığında deyib.
Sevinc Vaqifqızının sözlərinə görə, həmin qadınları təcridxana rəisinin Ceyhun və Əhəd adlı müavinləri təhqir ediblər:
“Onlar qızlara deyiblər ki, əgər şikayətçi olsanız, sizi saçınızdan tutub sürüyərik. Qadınların üstünə qoyulan Mahir adlı nəzarətçi onları işgəncə ilə təhdid edir”.
Ofeliya Məhərrəmova Meydan TV-yə deyib ki, bunları deyəndən sonra Sevinc Vaqifqızı ilə telefonu kəsilib.
Məhərrəmova narahatdır ki, Sevinc Vaqifqızı təzyiqlərə məruz qalacaq.
Meydan TV qeyd olunanlarla bağlı Penitensiar Xidmətin ictimaiyyətlə əlaqlər şöbəsinə sorğu göndərib.
Penitensiar Xidmətdən bildirilib ki, bu iddialar tam əsassızdır:
“Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, həssas kontingentə aid olan qadınların nəinki son günlər, eləcə də son 1 il ərzində rejim qaydalarının pozuntusuna görə cərimə otağına keçirilmə faktları qeydə alınmayıb”.
“Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərin şəxsi təhlükəsizlikləri təmin edilir, hüquq və qanuni mənafeləri qorunur, işçi heyəti və həbsdə saxlanılan digər şəxslər tərəfindən onlara qarşı təzyiqlərə, işgəncələrə və qeyri-insani rəftara yol verilməyib. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları tərəfindən aparılmış qəfil yoxlamalar və monitorinq zamanı da bu kimi hallar qeydə alınmayıb”, – deyə sorğuya cavabda qeyd olunub.
Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” nəşrilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və Nərgiz Absalamova həbs olunub.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.
Noyabrın 20-də “AbzasMedia”nın ofisində axtarış aparılıb.
Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.