“Dərsliklərin yazılması çox naşıcasına, səriştəsizcə həyata keçirilir”
“Hazırda dərs vəsaitində terminologiya sistemindən tutmuş elmi-nəzəri izahlaradək yanlışlara yol verilir”.
Bu fikirləri Redaktor.az-a açıqlamasında Təhsil İnstitutunun Əlavə təhsilin məzmunu şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmətova orta məktəb dərsliklərində yol verilən yanlışlıq və problemlər haqqında danışarkən bildirdi.
Onun sözlərinə görə, “Azərbaycan dili” dərsliklərində olan səhvlərə nəzər salarkən əsas problem kitabda tapşırıqların sayının azlığıdır.
“Kitabda mətnin ardınca cəmi 3-4 tapşırıq verilirdi ki, bu da hər hansısa elmi-nəzəri məzunu ödəmirdi. Məsələni şifahi olaraq birbaşa dərslik müəlliflərinə bildirdim. Cavab olaraq mənə dedilər ki, əsas tapşırıqlar iş dəftərində qeyd edilib. Buna etiraz edəndə isə onların “bazarına” ilişdiyimi dedilər. Bu o deməkdir ki, müəlliflər onlara göstərilən etimaddan sui-istifadə edir. Bunula da təhsil sektorunda özlərinə bir biznes mühiti açırlar.
Elmi-nəzəri mətnlərin yazılması isə çox naşıcasına, səriştəsizcə həyata keçirilir. Kitabı elə vəziyyətə salırlar ki, nəzəri hissənin vurub gözünü çıxarırlar. Hələ mən o zaman bir valideyn kimi bu məsələdən narahat idim ki, iş dəftəri alarkən övladlarımın boğazından kəsirdim. Yalnız sonradan dərsliklərə yeni məzmun standartları gətirildi. Amma yenə də məsələ öz həllini tapmadı.
Tutaq ki, “konteks” sözünün izahı belə verilib: “sözün mənasını müəyyənləşdirək üçün mətn parçasıdır, söz və ya cümlə”. Bu, yanlış tərifdir. Söz və cümlə mətn parçası yox, nitq vahididir. Nitqin ən kiçik vahidi söz, ən böyük vahidi isə mətndir. Bunun izahı o qədər də çətin deyil. Burada müəlliflər leksik təhrifə yol veriblər və elmi nəzəri təhlil tamamilə yanlışdır.
8-ci sinfin dərsliklərində esse və məqalənin izah edilməsinə nəzər salsaq görərik ki, dərslikləri yola veriblər. Eyni hal 10-11-ci sinif kitablarında da müşahidə edilir. Sanki məntiqsiz anlayışlar külliyatıdır, öyrədici heç nə yoxdur. 1-ci sinifdən 11-ci sinfə qədər olan kitablar zəncirvari deyil və bir-birinin ziddidir”.
Alim onu da qeyd etdi ki, şagirdlər sinifləri dəyişdikcə, dərsliyin məzmununda ziddiyyətlər meydana çıxır:
“Kitablarda verilən ifadələr Avropa nəzəri baxışları ilə ziddiyyət təşkil edir. Rus bölməsinin “Azərbaycan dili” dərsliklərində vəziyyət daha acınacaqlıdır. Materialların yazılması zamanı konseptual yanaşmadan uzaqdır və kurikulum çərşivəsində heç bir istinad verilmir. Beləliklə də, müəllim və mütəxəssislər də bunun açıqlamasında çətinlik çəkirlər.