• 24 Noyabr 2024 19:02

Komitə sədrindən deputatın nikah yaşının azaldılması barədə çıxışına etiraz

 

Müvafiq icra nümayəndəsinin icazəsi ilə nikah yaşının 1 il azaldılmasını düzgün sayıram və bu maddə qalmalıdır. Mən rayon icra hakimiyyətinin qərarı ilə 1 il tez evlənən ailələrdən birində problem görməmişəm.

 

Tacxeber.com report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

 

“Çox maraqlıdır ki, bu maddənin ləğv olunmasının arayış hissəsində yazılır ki, bu maddə uşaq psixologiyasını və sağlamlığını pozur. Necə ola bilir ki, 16 yaşına çatmış şəxslər arasında qanundan və nikahdan kənar, əxlaqsızlıq hesab etdiyim cinsi münasibətlər olur, amma heç bir cəza tətbiq edilmir?! Ancaq 17 yaş 9 aylıq, atası ağır xərçəng xəstəsi və ölüm ərəfəsində olan birinə rayon icra hakimiyyəti nikaha icazə verir və buna uşaq psixologiyası pozulur deyirik”, – deyə T.Kərimli vurğulayıb.

 

Deputat təklif edib ki, belə olan halda 18 yaşına çatmamış, rəsmi nikah olmadan cinsi münasibətlərdə olan uşaqların valideynləri 5000 manat cərimə edilsin: “Deyək ki, necə belə tərbiyəsiz uşaqlar böyüdüb nəzarət etmirsiniz?! Cəmiyyəti sağlamlaşdırmaq istəyiriksə, belə valideynlər maddi və mənəvi cəhətdən ziyan çəksinlər. Yoxsa mində bir hadisə olur ki, icazə alıb bir il tez nikah qurulur onu problem edirik. Hesab edirəm ki, 12-ci maddə qalmalıdır əvəzinə yetkinlik yaşına çatmayanların nikahdan kənar münasibətlərinə görə valideynləri yüksək məbləğdə cərimə olunsun”.

 

MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə T.Kərimliyə cavabında bildirib ki, bu maddədən çox sui-istifadə edən insanlar var: “Dediniz ki, tək-tük belə hallar var, amma bu, belə deyil. Erkən nikahla bağlı icra hakimiyyətindən icazə alınır, lakin baxırsan ki, cəmi 1 %-in ata-anası ağır vəziyyətdədir. Qalanları tam sağlam ailələrdir. Sadəcə valideynlərin beyninə düşür ki, oğlumu və ya qızımı evləndirmək istəyirəm. Statistikaya baxsaq görərik ki, evlənmək istəməyən nə qədər qız uşağı özünü öldürür. Şəxsən neçəsi evdən qaçıb mənim yanıma gəlib ki, evlənmək istəmirəm. Bəs onlara necə kömək edək?! Bu 1 il gözləmək nə üçün belə böyük problemə çevrilib ki, bunlar dözə bilmirlər 18 yaşına çatsın sonra ailə qursun?!”

Tacxeber.com

Oxşar xəbərlər