15 yaşlı uşaq Putinin əleyhinə danışdığı üçün həbs edildi
Orlov vilayətindən olan 15 yaşlı məktəbli Arseni Turbin Rusiya Azadlıq Legionuna üzv olmaq və Vladimir Putini tənqid edən vərəqələr yaymaqda ittiham edilərək, 5 il həbsə məhkum edilib.
Tacxeber.com xəbər verir ki, bu barədə “Memorial” hüquq müdafiə təşkilatı məlumat yayıb.
Bildirilib ki, 2023-cü il avqustun 29-da FTB əməkdaşları Turbinin valideynləri ilə birlikdə yaşadığı Livni şəhərindəki mənzildə axtarış aparıblar.
Sentyabrın 5-də o, həbs edilib, ertəsi gün isə məktəbə getməsi üçün ev dustaqlığına buraxılıb. 2024-cü il mayın 31-də onun barəsində həbs qətimkan tədbiri seçilib. İddia edilib ki, “müxalifət nəşrlərinin təsiri altı”nda 2023-cü il iyunun əvvəlində 14 yaşlı Turbin Rusiya Azadlıq Legionunun Teleqram platformasına yazıb və üzvlük ərizəsi doldurub. Daha sonra isə “terror təşkilatı”nın üzvü kimi 2023-cü ilin iyun-iyul aylarında qonşuların poçt qutularına “Bu cür prezident lazımdırmı?” yazısı olan vərəqələr atıb.