“Bələdiyyəni qapıdan qovurlar” – Siyavuş Novruzov
“Torpaq satan bələdiyyə” fikiri artıq cəmiyyətdə yoxdur. Çünki bələdiyyələrə hələ elektron xəritə verilməyib. Bu bələdiyyə hansı torpaqları sata bilər?!
Tacxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, hər bir vətəndaş bələdiyyəyə torpaq almaq üçün müraciət edir: “Bu torpaq artmır, çoxalmır ki?! Nə var, odur. Şəhid ailəsi və qazilərə 1 dəfə olmaqla, pulsuz torpaq sahəsi ayrılmalıdır. Azərbaycanda çox böyük nümunəvi bələdiyyələr var. 50-dən artıq bələdiyyə adı sadalaya bilərəm ki, istehsal müəssisəsi də, bağçası da, məktəbi də var”.
Deputat xatırladıb ki, bələdiyyələrin birləşməsi ilə bağlı qanun qəbul etdik: “Bələdiyyələrin sayı azalacaq. Adi mülkiyyət vergisini bələdiyyə toplaya bilmir, bələdiyyəni qapıdan qovurlar. Türkiyə nümunə çəkilir. Vergi ödənmədiyi zaman Türkiyədə bələdiyyə polisə verir, mülkə möhür vurdururlar. Qanunlar bu gün üçün yazılmır, gələcək üçün yazılır. Gələcəkdə bələdiyyənin imkanları artacaq və məktəb, nəqliyyat və digər sahələrdə səlahiyyətlərini həyata keçirəcək. İnşallah, oktyabrdan bələdiyyələr birləşməyə başlayacaq”.