Heç vaxt deputat seçilməyənlər – Bu dəfə şans üzlərinə güləcəkmi?
Xəbər verdiyimiz kimi, sentyabrın 1-də ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. 2020-ci ildə olduğu kimi, seçki yarışmasının bu dəfə də gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir.
Tacxeber.com xəbər verir ki, artıq çox sayda iddiaçının adı məlumdur. Bu sırada həm iqtidar, həm müxalifət təmsilçilərinin, həm də Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərinin adı var. İmzatoplama kampaniyası başlayandan sonra siyahıya yüzlərlə yeni iddialının adının əlavə ediləcəyinə şübhə yoxdur.
“Yeni Sabah” müstəqillik dövründə ölkədə keçirilən parlament seçkilərinin əksəriyyətində namizəd olan, amma heç vaxt uğur qazanmayan şəxslərlə bağlı araşdırma aparıb.
Məlum olub ki, Azərbaycan siyasətində sabiq namizəd statusuna ən çox sahib olan şəxs Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludur. O, indiyə kimi iki dəfə Azərbaycan prezidentliyinə, beş dəfə isə Milli Məclis üzvlüyünə namizəd olub. Rəvan nitqinə, kütləyə təsir etmə bacarığına və çoxillik siyasi təcrübəsinə rəğmən, Cəlaloğlu heç vaxt yarışmadan qalib ayrıla bilməyib. Onun bu il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində yenidən namizəd olacağı gözlənilir. Sərdar Cəlaloğlunun “tilsimi” qırıb-qıra bilməyəcəyi sentyabrın 1-dən 2-nə keçən gecə məlum olacaq.
Deputat mandatına həsrət qalan tanınmış siyasətçilərin sırasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev də var. O, Azərbaycanda prezidentliyə və deputatlığa ən çox namizəd olmuş siyasətçidir. Seçki kampaniyasına inamla başlamasına və hər çıxışında qələbəsinə əminliyini ifadə etməsinə rəğmən, marafondan məğlub ayrılan Hacıyevin yenidən “qolları çırmadığı” bildirilir. Onun növbədənkənar parlament seçkilərində namizəd olacağı artıq dəqiqləşib. MMP sədrinin Bakıdakı seçki dairələrinin birindən namizədliyini irəli sürəcəyi bildirilir.
Tərəfdarları tərəfindən vaxtilə cəmiyyətə “Azərbaycanın Saakaşvilisi” kimi təqdim olunan, Saakaşvili ilə yolları ancaq məhbəsdə kəsişən ReAL sədri İlqar Məmmədov da Azərbaycanda mandata həsrət qalan siyasətçilərdən sayılır. 54 yaşlı müxalifətçinin bu dəfə də özünü sınamaqda qərarlı olduğu bildirilir. Onun Bakının Xətai rayonunda mövcud olan seçki dairələrindən birindən mübarizəyə qoşulacağı gözlənilir.
Partiyadaşlarının “Yeni Sabah”a bildiridiyinə görə, uğursuzluğa düçar olacağı təqdirdə, bu, “Saakaşvili”nin namizəd kimi qatılacağı sonuncu seçki olacaq. O, yaxın ətrafına bu dəfə də seçki mübarizəsindən məğlub ayrılacağı halda bir daha namizəd olmayacağını və siyasətdən birdəfəlik gedəcəyini bildirib. Son vaxtlar hakimiyyətə loyal münasibəti və müxalifətin radikal qanadı ilə tez-tez “söz davası”na çıxması digər siyasətçi həmkarları ilə müqayisədə İlqar Məmmədovun şansını bir qədər artırıb.
Hakimiyyətin ona “yaşıl işıq” yandırıb-yandırmayacağı isə iki ay sonra bəlli olacaq.
Sənətçi həmkarlarından fərqli olaraq, siyasətə daha çox maraq göstərən, iki dəfə deputatlığa namizəd olan, amma bu arzusunu heç cür reallaşdıra bilməyən iddialılardan biri də Əməkdar artist Elza Seyidcahandır. 2020-ci ildə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən mübarizəyə qoşulan Əməkdar artistin deputat olmaq arzusu o vaxt ürəyində qalmışdı. Marafona qatılması ilə təkcə şou aləmində deyil, həm də siyasi çevrələrdə öz personasına qarşı xüsusi maraq oyatmağı bacaran Seyidcahanın ötən seçkilərdə təzyiqlərə məruz qalması uzun müddət müzakirə mövzusu olmuşdu. Seçki kampaniyası başa çatsa da, xeyli vaxt “Məni aşağıladılar” ifadəsi ilə yadda qalan Seyidcahanın bu dəfə arzusuna çatıb-çatmayacağını indidən söyləmək çətindir.