• 25 Noyabr 2024 04:37

COP29 üçün prezidentin keçmiş kürəkəninin kurortuna 9 milyon manat ayrılıb

Emin Ağalarov BMT-nin iqlim dəyişikliyi konfransı ilə bağlı 5000-dək qonağı qarşılaya biləcəklərini bildirsə də, dövlət qurumları Rusiya-Ukrayna müharibəsinə görə sanksiya çağırışına məruz qalan Araz Ağalarova bağlı şirkətə ayrılan vəsaitlərin xərclənməsi barədə detalları ictimaiyyətdən qapalı saxlayır.

 

Bu il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün Bakıya gələn qonaqlara həm də prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarov ev sahibliyi edəcək.

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin satınalma sənədlərindən məlum olur ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və Ağalarovlar ailəsinə məxsus “Sea Breeze Construction” MMC arasında dəyəri 9 milyon manat olan satınalma müqaviləsi imzalanıb.

 

Tender keçirilmədən ancaq bir mənbədən satınalma metodu ilə birbaşa imzalanan müqavilədə bu ilin mayından dekabrına qədər olan 7 ay müddətində COP29 iştirakçılarının müvəqqəti yerləşdirilməsi xidmətlərinin satınalması nəzərdə tutulub.

Skrinşot Dövlət Vergi Xidmətinin saytından götürülüb.

 

Bu satınalma müqaviləsi Emin Ağalarovun şirkətinə iyunun 20-də verilib. O, elə həmin ərəfədə “Persona” YouTube kanalına verdiyi müsahibəsində rəhbərlik etdiyi layihələrdən danışıb. Ağalarov COP29-la bağlı çoxmilyonluq tender müqaviləsi haqqında heç nə deməsə də, Xəzərin ləpədöyənində 500 hektarlıq ərazini əhatə edən və 6,5 kilometr boyunca sahil zolağında inşa edilən “Sea Breeze” istirahət və yaşayış kompleksinin tikintisi ideyasının necə ortaya çıxdığına aydınlıq gətirib.

 

“Buna iki faktor təsir göstərib. 80-ci illərdə valideynlərimin Nardaranda bağ evi var idi. Tahir Salahov, Rüstəm İbrahimbəyov, Maqsud İbrahimbəyovla qonşuluqda. Belə bir kiçik klaster var idi. 17 il əvvəl burada daha çox vaxt keçirməyə başlayanda məndə belə bir fikir yarandı. Məhz mühafizəkar yer olduğuna görə, yaşayış üçün çox rahat olmadığına görə. Heç bir infrastruktur yox idi. Burada torpaq çox ucuz idi. Mən yavaş-yavaş torpaq almağa başladım”, – deyə o bildirib.

 

Zorakılıqla alınan bağlar üzərində qurulan biznes

Emin Ağalarovun haqqında danışdığı torpaq sövdələşməsinin tarixi doğrudan da on yeddi il əvvələ gedib çıxır. Avropa İnsan Haqları Məhkəməsinin 2021-ci ildə verdiyi qərarda qeyd olunurdu ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) nəzdində olan Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə 18 Nardaran sakini arasında bağlanan icarə müqaviləsi sakinlərə xəbərdarlıq edilmədən Kürdəxanı bələdiyyəsi tərəfindən dayandırılıb.

 

BŞİH 2007-ci il iyunun 20-də verdiyi qərarla bu bağ sahələri də daxil olmaqla 30 hektar torpaq sahəsini Kürdəxanı Bələdiyyəsinin balansına köçürüb. Bələdiyyə isə oktyabrın 12-də bu torpaqları K. şirkətinə satıb.

Azadlıq Radiosu “Sea Breeze” haqqında dərc etdiyi başqa bir araşdırmada “OCCRP”yə istinadən yazıb ki, məhkəmə sənədlərində qeyd olunan K. şirkəti Ağalarovlar ailəsinə məxsus “Crocus Group” olub.

 

Bağ sahiblərinə təzyiqlər isə bu qərarlardan iki il əvvəl başlayıb. Belə ki, 2005-ci ildə özlərini Kürdəxanı qəsəbəsinin sakinləri kimi təqdim edən şəxslər dəfələrlə ərizəçilərə hücum edib, onların bağlarının hasarlarını dağıdıb və zəbt ediblər. Nəticədə bağlardan istifadə etmək mümkün olmayıb. Sabunçu Rayon Polis İdarəsi isə bu şikayətləri araşdırmaqdan imtina edib. Ərizəçilərin mülkiyyət və ədalətli mühakimə hüquqlarının pozuntusunu tanıyan Avropa İnsan Haqları Məhkəməsi bu işə görə Azərbaycan hökumətini 234 min avro cərimələyib.

 

Qeyd edək ki, bağları icarəyə götürən şəxslərlə BŞİH, Kürdəxanı Bələdiyyəsi və “Crocus Group”la hüquqi müstəvidə çəkişmələr Emin Ağalarov prezident İlham Əliyevin qızı Leyla Əliyeva ilə evlənəndən bir neçə ay sonra baş verib. 2006-cı ilin aprelində ailə quran cütlük 2015-ci ildə boşansa da, Emin Ağalarovun yarımadadakı biznes layihələri yarımçıq qalmayıb, “Sea Breeze” layihəsinin tikintisi uğurla davam edib.

Fotolar “Google Earth”dən götürülüb

 

Məhkəmə sənədlərində adı çəkilən “Crocus Group”un təsisçisi və rəhbəri Azərbaycan əsilli rusiyalı oliqarx Araz Ağalarovdur. Ata Ağalarov Rusiya prezidenti Putinə yaxınlığı ilə seçilən milyarderlərdəndir. Vladimir Putin 2013-cü ildə Araz Ağalarovu “Şərəf” ordeni ilə də mükafatlandırıb. Xarici medianın Putinin yaxın dostu adlandırdığı milyarderin adı Rusiya-Ukrayna müharibəsinə görə sanksiya çağırışı edilən rusiyalı oliqarxlar siyahısındadır.

Foto Araz Ağalarovun X hesabından götürülüb

 

“Sea Breeze”i “Crocus Group”a bağlayan ikinci şəxs

“Ağalarov Development” şirkətinin saytında qeyd olunub ki Emin Ağalarov 2023-cü ildə “Crocus Group”dan ayrılıb və öz layihələrinə fokuslanıb. Amma buna tamamilə ayrılma demək mümkündürsə.

 

Dövlət Vergi Xidmətinin məlumatlarından aydın olur ki, 2022-ci ildə qeydə alınan “Sea Breeze Construction” MMC-nin hüquqi təmsilçisi Rzayev Elbəy Azər oğludur. Elbəy Rzayevin “Linkedin” profilində yazılanlara görə, o, 2018-ci ildən Prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarovun ailə şirkəti olan “Crocus Group”un ümumi işlər üzrə meneceridir.

 

“Sea Breeze Construction” MMC-nin rəsmi saytının domen məlumatları da göstərir ki, domenin təşkilatçısı “Crocus” MMC olub. Bu şirkətin adı sonradan dəyişdirilərək “See Breeze İnvest MMC” ilə əvəz edilib.

Skrinşot “whois.az” saytından, foto “seabreeze.az” saytından götürülüb.

 

“Crocus Group”un rəsmi səhifəsində “Sea Breeze Construction” MMC haqqında hər hansı məlumata rast gəlmək mümkün deyil. Amma bu şirkətlər qrupunun “Linkedin” hesabında Xəzər sahilində yerləşən elit “Sea Breeze” qəsəbəsinin “Crocus Group”a daxil olduğu yazılıb

Skrinşot Dövlət Vergi Xidmətinin saytından götürülüb

 

COP29-un otelləri arasında “Sea Breeze” kurortuna aid otel də var

Emin Ağalarovun bu ilin mayında “Sea Breeze”in ərazisində keçirilən investisiya forumunda iqlim konfransı ilə bağlı çıxışını iyunda şirkətinə veriləcək tender müqaviləsinin anonsu da hesab etmək olar.

 

“Hökumətlə əməkdaşlıq sayəsində bu il daha fəal tikinti işləri aparacaq və inkişaf edəcəyik. COP29-un böyük tədbirini təşkil etməyi dəstəkləməkdən və “Sea Breeze”də 5000-ə qədər qonağı qəbul etməkdən məmnunuq. Bütün bunlar uzun illərin işinin və bir çox insanın peşəkarlığının nəticəsidir”, – deyə Emin Ağalarov vurğulayıb.

 

MİDA-nın rəsmi internet saytında açıq tender elanları arasında 9 milyonluq tender haqqında elana rast gəlinmir. MİDA və “Ağalarov Development” ilqim konfransına qonaqların “Sea Breeze Construction” MMC-yə daxil olan hansı iaşə obyektlərində yerləşdiriləcəyinə dair sualları cavablandırmayıb. Amma COP 29-un rəsmi internet səhifəsində artıq yerləşdirmə ilə bağlı dərc olunan otellərin siyahısında “Sea Breeze” kurortunun tərkibində olan “Park Residences”in də adı keçir.

Skrinşot COP29-un rəsmi internet səhifəsindən götürülüb

 

Bakı Olimpiya Stadionunda keçiriləcək COP29-un baş tutmasına sayılı aylar qalır. Dövlət qurumları isə “Sea Breeze”lə bağlı danışmağa o qədər də həvəsli görünmürlər.

Bir müddət öncə Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Cavanşir Bayramov iqlim dəyişikliyi konfransı haqqında “Report”a açıqlama verib. Saytın yazdığına görə, otel, mehmanxana və apartamentlərlə yanaşı, “Sea Breeze”in yeni yaşayış komplekslərində də COP29-a sürətli hazırlıq işləri gedir.

Mənbə: AbzasMedia

Tacxeber.com

Oxşar xəbərlər