• 22 Noyabr 2024 23:43

YAP-da vəzifəsi yoxdur, amma YAP-ın adından danışır: Cəzalandırılacaq? 

YAP-da vəzifəsi yoxdur, amma YAP-ın adından danışır: Cəzalandırılacaq? 

Milli Məclisin YAP-dan olan deputatı Siyavuş Novruzovun personası ətrafında yaranmış müzakirələr davam edir. Ölkənin ən stajlı deputatlarından olan tanınmış YAP-çının üzvü olduğu partiyanın Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsi onunla bağlı müəyyən iddiaların meydana çıxmasına səbəb olub. Müşahidəçilər bu amili nəzərə alaraq, sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Siyavuş Novruzovun namizədliyinin YAP tərəfindən irəli sürülməyəcəyini iddia ediblər. 

 

Tacxeber.com xatırladır ki, YAP-çı deputat bu məlumatların həqiqəti əks etdirmədiyini, hətta ona qarşı təxribat olduğunu bildirib. Novruzov hakimiyyət partiyası tərəfindən növbəti dəfə namizədliyinin irəli sürülməsi üçün hər hansı problem olmadığını iddia edib.

 

Bununla bağlı “Yeni Sabah”a maraqlı məlumat daxil olub. Adının çəkilməsini istəməyən YAP funksionerlərindən biri bizimlə söhbət zamanı Siyavuş Novruzovla bağlı partiyada problem olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin 2020-ci ilin sentyabrında keçirilən toyunda iştirak edəndən və bu barədə jurnalistlərin sualını cavablandırarkən, “yaxşı etmişəm” deyəndən sonra təkcə hakim partiyada deyil, bütövlükdə hakimiyyət düşərgəsində ona qarşı münasibət dəyişib. Bunun nəticəsində o, partiyada tutduğu vəzifəsini itirib. Hazırda Siyavuş Novruzov YAP-da heç bir rəsmi vəzifə daşımır.

 

Partiyadaşı deyib ki, Novruzovun YAP-da rəsmi vəzifəsi olmamasına rəğmən son vaxtlar hər gün partiya adından danışması, hətta səlahiyyətini aşan açıqlamalar verməsi ciddi narahatlıq doğurub.

 

“Hazırda YAP-ın yuxarı eşelonunda deputatlığa namizədlərin siyahısı üzərində yekun məsləhətləşmələr aparılır. Siyavuş Novruzov bu müzakirələrdə iştirak etmir. Belə olan halda onun partiya adından açıqlamalar verməsi heç bir məntiqə sığmır”,- deyə həmsöhbətimiz bildirib.

 

Məlumatlı şəxs sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində Siyavuş Novruzovun YAP tərəfindən namizədliyinin irəli sürülüb-sürülməyəcəyinin hələ dəqiqləşmədiyini deyib.

 

Qeyd edək ki, ötən gün Prezidentin Naxçıvandakı xüsusi nümayəndəsi Fuad Nəcəflinin YAP rəhbərliyinə müraciət edərək, Siyavuş Novruzovun muxtar respublikadan namizəd göstərilməməsini xahiş etdiyinə dair məlumatlar yayılıb.

Tacxeber.com

Oxşar xəbərlər