“Mən sağlamam, arayışım var” – Bayden demokratları sakitləşdirib
“Mənə bel bağlaya bilərsiniz, mənim geriyə çəkilmək niyyətim yoxdur…”
ABŞ prezidenti Co Bayden Demokrat Partiyasını təmsil edən ştatların qubernatorları ilə görüşərək, onları özünün anlaqlı və iş qabiliyyətli olduğuna inandırmaq istəyib.
Tacxeber.com xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb.
Görüşdə Minnesota, Merilend və Nyu-York ştatlarının qubernatorları iştirak edib. Görüş konfidensial olub.
Nəşrin məlumatına görə, söbhət zamanı Bayden nüfuzlu demokratlara məlumat verib ki, Trampla uğursuz teledebatlardan sonra ciddi tibbi müayinədən keçib və səhhətinin yaxşı olduğu barədə arayış alıb. Bayden deyib ki, o, “çox yatmalı və az işləməlidir”.
Ağ Evdən çıxan qubernatorlar jurnalistlərə deyib ki, “Co Bayden bizim namizəddir və biz onu tam dəstəkləyirik”.
Ağ Evdə iyulun 4-də açıq havada aparıcı siyasətçilər və müdafiə sisteminin rəhbərləri dəvət edilən ənənəvi qonaqlıqda Baydenin tərəfdarları toplaşıb.
Onlardan biri ucadan deyib: “Cənab prezident! Mübarizəni davam etdirin! Siz bizə lazımsınız!”. Buna cavab olaraq Bayden deyib: “Mənə bel bağlaya bilərsiniz. Mənim geriyə çəkilmək niyyətim yoxdur”.
Son zamanlar Trampla teledebatlardan sonra Bayden, yumşaq desək, yaxşı görünməyib, Demokratlar Partiyasının zümrəsində Baydenin əvəzlənməsi barədə təkidli səslər eşidilməyə başlayıb.
Bu mövzu Amerikanın solçu mətbuatında geniş müzakirə edilib, Baydenin tezliklə istefa verəcəyi barədə fikirlər söylənilib. Onun əvəzinə vitse-prezident Kəmalə Harrisin namizədliyinin veriləcəyini proqnozlaşdırılıb.
Lakin bu baş verməyəcək, Bayden yarışı tərk etmək niyyətində deyil, partiyadaxili seçkilərdə qalib gələn aparıcı namizədi onun razılığı olmadan kənarlaşdırmaq mümkün deyil.
Şərhçilər qeyd edir ki, seçicilər arasında o qədər də populyar olmayan Tramp demokratların ciddi və populyar fiquru irəli sürüləcəyi təqdirdə məğlub ola bilər.