• 23 Noyabr 2024 23:13

“İllərlə parlamentdə oturub bir dəfə də ağzını açmayan adamlar var”

Növbədənkənar parlament seçkilərinə çox az vaxt qalıb. Seçkidə iştirak etmək istəyən, namizədliyini irəli sürən şəxslərin əksəriyyəti gənc və orta nəslin nümayəndələridir. Kifayət qədər tanınan Fəzail İbrahimli, Aqil Abbas, Sabir Rüstəmxanlı, İsa Həbibbəyli və başqa deputatlar isə hələ də qərarını açıqlamayıb. Üstəlik, cəmiyyətdə yaşı 70-dən çox olan adamların deputat olmasını narazılıqla qarşılayan şəxslər də var.

 

Bəs bütün bunlar yeni parlamentin tərkibində yaşlı deputatların olması ehtimalını azaldırmı?

 

Tanınmış professor Qulu Məhərrəmli “Yeni Sabah”a açıqlamasında bildirib ki, deputatları yaş kateqoriyasına ayırıb müzakirə etmək, dəyərləndirmək düzgün deyil:

 

“Mənim düşüncəmə görə, parlament seçkiləri üçün namizədlərin irəli sürülməsi, bu barədə cəmiyyətdə müəyyən ehtimalların səslənməsi, bəzi insanların indidən seçkiyə hazırlaşması, namizədliyini verəcəyini bəyan etməsi Azərbaycan cəmiyyətində parlament seçkilərinə böyük bir marağın olduğunu göstərir. Amma indiki halda Milli Məclisə seçiləcək adamların yaş keyfiyyətinə görə müəyyən olunmasını doğru hesab etmirəm. Qanunvericilik təcrübəsi olan, parlament işini bilən, müasir dünyanın gedişatından baş çıxaran, yaxşı danışmağı, problemləri ifadə etməyi bacaran, eyni zamanda parlament kürsüsündə obyektiv olaraq məsələləri qaldıra bilən, həll yollarını göstərən, Milli Məclisdə qəbul olunması zəruri olan qanunlar haqda danışan deputatlara böyük ehtiyac var. Aydındır ki, bütün bunlar yaş amili ilə müəyyən olunmur. Deputat seçilən şəxsdə bilik, təcrübə, daxili azadlıq, problemləri ifadə etmək qalibiyyəti kimi xüsusiyyətlər olmalıdır”.

 

Professor qeyd edib ki, elə deputatlar var ki, bütün bu illər ərzində bir dəfə də olsun səsini çıxarmayıb:

 

“Cəmiyyətin marağı isə gənc, yeni namizədlərədir. Çünki illərlə parlamentdə oturub bir dəfə də ağzını açmayan adamlar var. Belələrinin seçilməsinə münasibət təbii ki, mənfidir. Bütün hallarda hesab edirəm ki, sonuncu parlamentin üzvlərinin təxminən 50 faizi deputatlığa yararlı insanlar idi. Xüsusən, beynəlxalq məclislərdə təmsil olunan, Azərbaycanın sözünü deyən, parlamentdə çıxış edə bilən, təmsilçilik gücü olan adamlar var idi. Hesab edirəm ki, həmin adamların yenidən parlamentdə olması vacibdir. Proses davam edir, müxtəlif bloklar haqda danışılır və ayrı-ayrı namizədlər öz sözlərini deyirlər. Təxminən iki ay müddətində bunlar bəlli olacaq”.

Tacxeber.com

Oxşar xəbərlər