• 24 Noyabr 2024 07:05

Pomidorun kiloqramı 4 manat, kəndlinin qaloşu 3 manat…

 

Yaşadığım qəsəbədə fəaliyyət göstərən supermarketdəyəm. Adın nə fərqi var, onsuz da hamısında eyni qiymətlərdir. Onsuz da hamısı qonşum Habilin təbirincə desək, dədərlərinin qiymətini də malın üstünə qoyub satırlar…

 

Kənd təsərrüfatı məhsulları satılan piştaxtaların qabağı bomboşdur. Qiymətlər o qədər bahadır ki, heç kim yaxınlaşmağa ürək etmir.

 

Dörd ədəd pomidor seçib tərəziyə yaxınlaşıram. Satıcı qız qiyməti vurub üzümə gülümsəyr:”Tam bir kilo”.

 

Paketin üstündəki qiymətə baxıram:4 manat.

 

Sonra marketin iri pəncərəsindən həyətə baxıram. Yer-göy od tutub yanır.

 

Öz-özümə deyirəm: “İyul ayının 14-dür. Necə olmalıdır ki?!”

 

Qeyri-ixtiyarı qızdan soruşuram: “İyul ayında 4 manata pomidor olar?!”

 

Çiyinlərini çəkib gülümsəyir…

 

Mağaza müdiri olan tələbə yoldaşımın sözü yadıma düşür: “Satıcılara deyirik ki, müştəri həmişə haqlıdır. Nə desə, üzünə gülün”.

 

Müdirlərin köhnə xasiyyətidir, üzümüzə gülə-gülə qanımızı sorurlar ..

 

“Yazmağa mövzu yoxdur” deyən jurnalistlərə fikir verməyin. Azərbaycanda mövzu adamın ayağına dolaşır. Əyilib onu qaldırmaq, yaşatmaq, yəni yazmaq lazımdır.

 

Bu dəfə də mövzu öz ayağı ilə gəlmişdi…

 

Lobya satılan piştaxtaya yaxınlaşıram.

 

Vay dədə!

Lobyanın 1 kilosu 4 manat 59 qəpikdir.

 

Sağ olsunlar, hörmət edib 4 manat 60 qəpik eləməyiblər…

 

Armudun qiyməti ilə maraqlanıram. Bir kiloqramı 5 manat 89 qəpikdir.

 

Belə çıxır ki, qusarlı tanışım Mərdan kişi həyətindəki bir ağacın barını yığıb satsa, 6 ay kef edər.

 

Mərdan kişini bu yaxınlarda görmüşəm. Ayağında 3 manatlıq qaloş vardı. Onun da bir tayı cırıq idi.

 

Acı bibərin bir kiloqramı 4 manat 50 qəpikdir.

 

Öz-özümə deyirəm: “Bunu yeməyə ehtiyac yoxdur. Pulunu verəndə, adamı yandıracaq”.

 

Gilasın, ağ əriyin qiyməti də bahadır. Hətta qara badımcan da hörmətlə minib. Bir manatdan ucuz badımcan tapmaq mümkün deyil.

 

Siz kəndlinin 4 manata pomidor, 5 manata ərik, 6 manata gilas satdığına inanırsınız,?

 

Əgər kəndlinin becərdiyi məhsul bu qədər dəyərlidirdə, niyə özünün ayağı yalın, başı açıq, çuxası cırıqdır?

 

Bu sualın cavabını hamı bilir, amma heç kim tədbir görmək istəmir. Buna görə də acı bibəri yeməmiş, hələ kassanın qabağında pulunu ödəyəndə içimiz göynəyir…

Seymur VERDİZADƏ

Tacxeber.com

Oxşar xəbərlər