Laçın müharibəsi bitdi, amma “Laçınım” davası: “Bu, abırsızlığın son həddidir”
Azərbaycan estradasında öz möhürünü vurmuş, hazırda haqq dünyasında olan Məhəbbət Kazımovun “Laçınım” mahnısının sözləri və bəstəsi ətrafında keçən ildən qalmaqallar yaşanır. Müğənni Könül Kərimov da mətbuatda “Laçınım” mahnısının bəstəsinin ona məxsus olduğunu demişdi.
Əlqərəz, mahnının həm sözləri həm bəstəsi ətrafında getdikcə qalmaqal böyüyür.
Uzun müddət Məhəbbət Kazımovla duet ortağı olmuş Fədaya Laçın “Laçınım” mahnısının sözlərini Fəxrəddin Rəhimov Məhəbbət Kazımova təqdim etdiyinin şahidi olduğunu deyir:
“Yadımdadır ki, Fəxrəddin adlı polis işçisi mahnının sözlərini Məhəbbət bəyə təqdim elədi. Amma mahnının musiqisini Məhəbbət bəy şəxsən mənim yanımda bəstələyib. Yanımızda ansamblın üzvləri də daxil, qarmon ifaçısı olan Rəhbər də vardı. Buna onların hamısı şahiddir. Bunun bəstəsi konkret olaraq Məhəbbətə aiddir. Musiqiçilər də onu müşayiət edirdi.
Könül Kərimovanın da bəstəsi özünə aid olan musiqiləri var: “Sən bir dəniz olaydın”, “Ay şirinim, ay şəkərim”, “Yar, başına dönüm sənin” və sair…
“Laçınım”ı isə Məhəbbət bəy mənim yanımda bəstələyib. Bu barədə yalan deyə bilmərəm. Könül Kərimova mahnının bəstəsinin özünə aid olduğunu deyirdi və hamı da Könülü qınamışdı”.
Fədayə Laçın fikirlərinə bu cür davam edib:
“Həm də Məhəbbət kiminsə bəstəsini öz adına mənimsəyəcək adam deyildi. Məhəbbət Kazımov ondan da gözəl o qədər mahnılar bəstələyib ki… Onun buna ehtiyacı yox idi. Heç o deyə bilərdimi ki, heç yerdə demə, o öləndən sonra kimsə desin.
Könül xanım Məhəbbət sağ olanda bunu dilə gətirərdi. Məhəbbət mahnının özünün bəstəsi olduğunu hər yerdə deyib. O, yalan danışan insan deyildi”.
Fədayə Laçın sonda mahnının sözlərinin Fəxrəddin Rəhimov yazdığını da ehtimal olaraq nəzərə aldığını bildirib:
“Mən bunu dəqiq deyə bilmərəm, bayaq sadəcə olaraq yadımda qalanı dedim. Bəlkə də Fəxrəddin Rəhimovun gətirib Məhəbbət Kazımova təqdim etdiyi Osman Alıyevin şeiri olub. Sonradan araşdırılıb, məlum olub ki, şeir Osman bəyindir. Əgər, Məhəbbət öz diliylə mahnının sözlərinin Osman Alıyevə məxsus olduğunu deyibsə, deməli, o, duz deyib. Çünki o, heç vaxt yalan danışmazdı”.
Könül Kərimova mətbuatda “Laçınım” mahnısının bəstəsini edərkən müğənni Manaf Ağayev və Yusif Mustafayevin şahid olduğunu dediyinə görə, onlardan da fikirlər öyrənmək istədik. Amma Manaf Ağayev bu haqda danışmaqdan imtina etdi. Yusif Mustafayev isə bundan xəbəri olmadığını bildirdi:
“And olsun Allaha, o söhbət mənə qaranlıqdır. Bu haqda heç nə bilmirəm. Bilmədiyim şeyi də deyə bilmərəm. Çünki mən o söhbətdə olmamışam”.
Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov isə deyir ki, mahnının sözləri Osman Alıyevə məxsusdur və bunun sübutu da var:
“Könül xanım isə mahnının bəstəsinin ona aid olduğunu deyir. Artıq mən də yorulmuşam. O, gündəmdə qalmaq üçün danışır. Mahnının müəllif hüquqları da var. Danışıb bununla gündəmə gəlmək istəyirsə, onun haqqında heç, söhbət etməyə dəymir. Dediyinin boş fikirlər olduğunu hamıya da məlumdur. Bu barədə paylaşımların altında rəylərə baxın, Könül Kərimova haqqında buna görə nələrin yazıldığını görəcəksiniz. Bu insanın bu cür sözləri eşitməkdən xoşu gəlir. Reklamın pisi, yaxşısı olmur. Bu qadın da elə reklam xatirinə belə danışır. Bu da belədir, neyləmək olar”.
Rəşid Kazımov əlavə olaraq bunları deyib:
“Könül xanım Məhəbbət Kazımovun yanında oxuyan biri, həm də onun sənətə gətirdiyi bir adam olub. Əgər o mahnı bəstələyəndirsə, indi də bunu etsin. İndi də ortalığa sanballı, şah əsər çıxartsın. Niyə eləmir?!
Vüqar Əhmədli də dedi ki, əgər məhkəmə olsa, gəlib canla-başla iştirak etməyə hazırdır. Vüqar Əhmədli mahnı yazılandan bitənə kimi orada olan şəxs olub. Bunlar hamısı boş şeylərdir.
Mahnının Bəstəkarlar İttifaqından sertifikatı var. Mən baş qoşmaq istəmirəm. Bir az da belə şeylərə davam etsələr bütün hüquqi-proseslərə baş vuracağam. Məhəbbət Kazımovun ifa etdiyi heç bir mahnının bəstəsi Könül xanıma aid deyil. Ola bilər ki, atam mahnının hansısa bir yerini qaydaya salınması üçün təklif edə bilər. Bu o demək deyil ki, bunu başqası bəstələyib.
Bir bina tikəndə kimsə mıx vuranda həmin adamın bina tikdiyini deyə bilmiriksə, buna da elə yanaşmalıyıq. Bu binanın əsas təməlini atanların olduğunu başa düşməliyik. Mahnıya dair heç bir sənəddə Könül xanımın adı yoxdur. Əgər Könül xanım mahnı bəstələyən idisə, bunu insanın sağ vaxtında deyərdi. İnsan öləndən sonra bunu etməyin mənası yoxdur. O anda o sözü deməyə onun cəsarəti çatmalı idi. Ayıbdır, bizə yaraşmaz. Yaşlı adamdır, mən durub ona nə deyim?! Bunları reklam etmək lazım deyil. Gedib öz mahnılarını ifa etsin. Könül xanım özü də bilir ki, artıq gündəmdən düşür. Gündəmdən düşən kimi “Laçınım”ı, digər mahnıları bəstələdiyini deyir. Gündəmdə qaldığı müddətdə də çox sərt tənqidlərə, təzyiqlərə məruz qalıb.
Mahnının sözlərinə gəlincə, bu mahnının sözlərini yazdığını iddia edən Fəxrəddin müəllim o vaxtı mənim atamın da yanına gəlib mahnının sözlərinin ona məxsus olduğunu demişdi. Bu söhbətdən sonra bir müddət keçəndən sonra mahnının əsl yazarı 1999-2000-ci illərdə atamla görüşdü öz kitabını da təqdim elədi və Fəxrəddin müəllimin atama bu şeiri yazdığını bildirdiyi tarixdən tam fərqli tarix (əvvəl) göstərərək sözlərin ona məxsus olduğunu dedi.
Atam Fəxrəddin müəllimi etiraz olaraq yanından qovub münasibətlərinə son qoymuşdu. Fəxrəddin bəy şair deyil. Özünü Yazıçılar Birliyinin üzvü kimi təqdim də edə bilər. Həm də bu insan laçınlı deyil. Başqa bir rayondan olan adam niyə görə başqa bir rayona şeir yazsın ki?! Laçınlı olmayan şəxsin o cür yanıqlı bir prosesi ortaya çıxartması absurddur.
Məhəbbət Kazımovun repertuarında olan mahnılar Əqli Mülkiyyət İdarə Heyətinin sədri Kamran İmanovun imzasıyla sertifikatlaşdırılıb. Məhəbbət Kazımovun repertuarında olan mahnıların söz və bəstələrinin kimə aid olması açıq-aydın ortadadır”.
“Laçınım” ın sözlərini yazdığını iddia edən Azərbaycan Yazıçılar Birliyinin üzvü Fəxrəddin Rəhimov isə bildirdi ki, deyilənlər yalandır:
“Mən Məhəbbət Kazımovun istəyi ilə “Laçınım” mahnısını yazdım. Bu, çox təsirli oldu. Bunu oxuyub kövrəldi, şeiri də götürüb getdi. Sevimli, istedadlı aktyorumuz Yasin Qarayev məni Könül Kərimova və Məhəbbət Kazımov olan yerə dəvət etdi. Mən də gedəndə gördüm ki, mahnını Könül Kərimova oxuyur.
Şahidi oldum ki, onu Könül bəstələyib. Məhəbbət isə arxada oturub diqqətlə qulaq asırdı. Beləliklə mahnının ərsəyə gətirən Könül xanım oldu. Mahnı hazır olduqdan sonra Əməkdar jurnalist Şəmsiyyə xanım mənə Məhəbbət bəyin qəzetlərdən birində “Laçınım” mahnısının sözləri və musiqisinin özünə adi olduğunu yazdığını dedi.
O, çox şöhrətpərəst adam idi. Məhəbbəti tapıb ondan bunun səbəbini soruşdum. Onun da günahı olanda başını aşağı salırdı, mənə cavabında “olub, olub” deyib keçdi.
Könül Kərimova da yanımızda idi. Bu vaxt qəzetdə mahnının və sözlərinin ona məxsus olması barədə Könül Kərimova çantasından qəzet parçasını çıxardıb Məhəbbətə göstərdi. Bu da onun acığına gəldi. Bundan sonra Məhəbbət Kazımov laçınlı şair tapdı. Sonra mənə Zahir Abbas, Natiq Dağlaroğlu adlı adamların qəzetlərdə sözləri Osman Alıyevin yazdığı barədə fikirlər səsləndirdiklərini dedilər. Bu haqda məlumat alandan sonra həmin Osmanın kitabını tapdım. Kitabda Laçına aid tamamilə başqa bir şeir olduğunu gördüm. Sən demə, məni pis vəziyyətə qoymaq üçün ona mənim şeirəmə uyğun olan bir şeir yazmağı sifariş veriblər və bunu da onun adına çıxaracaqlarını söz veriblər. O, coğrafiya müəllimi idi. Məşhur olmaq üçün belə addım atmışdı. Halbuki, Məhəbbət sözlərin mənim olduğunu dəfələrlə özümə etiraf edib. Mahnı ilk dəfə yayımlananda audiokasetlərdə mənim adım çəkilirdi.
Osman bəylə əlaqə saxladım. Hüquqşünas dostum Ədalət Həsənovla birlikdə onunla görüşdük. O, bizə bildirdi ki, oxunan mahnının sözlərinin ona məxsus olduğunu deməyib. Sadəcə olaraq mənim də “Laçın” adlı şeirim var deyib. Bu qədər həyasızlıq, abırsızlıq elədilər.
Sonra “ Səda” internet kanalına dəvət ediləndə onun da, özümün də kitabıyla efirə çıxdım. İkinci dəfə yenə də bu kanalın efirindən sözlərimi dedim. Üçüncü dəfə isə bizi birlikdə dəvət etdilər. Veriliş efirə yayımlanandan iki gün sonra verilişi efir məkanından sildirdilər. Kanal rəhbərliyindən səbəbini soruşanda isə mənə məcburi sildirdiklərini dedilər”.
Fəxrəddin Rəhimov deyir ki, Osman Alıyevin onun haqqında deyilən əlyazmasıyla kitabı arasında böyük fərq olması da yalandır:
“Mən əslən Tovuzdanam. Tovuz, Laçın, Ağdam mənim torpağımdır, mən bunlara şeir yaza bilərəm. Amma onların bəzilərində bu qabiliyyət yoxdur. Mənim əlyazma şeirimlə kitabımdakı şeirim arasında fərq yoxdur. Hamısı sübut kimi məndədir.
Osman bəylə hüquqşünas dostumuzla görüşəndə bu söhbətə son qoyulmuşdu. Məhəbbət Kazımov rəhmətə getdikdən sonra isə Osmanın hər yerdə bu mahnıyla özünü reklam etdiyini gördüm. Bundan sonra efirlərə çıxıb haqqımı tələb elədim”.
“Məhəbbət bəy bu mahnının ifası edəndə həmişə Osman bəyin adını çəkib. Buna niyə narazılığınızı bildirmədiniz?” sualını Fəxrəddin Rəhimov belə cavab verib:
“Mən həmişə narazılığımı bildirmişəm. O vaxt bizim münasibətlərimiz pis idi. Mən ona bu dünyada da halallıq vermədim. Mənim Məhəbbət bəylə mahnının sözlərini öz adına çıxardığına görə münasibətlərimiz korlandı. Bu, baş tutmayandan sonra isə Osman Alıyev adında laçınlı birini tapıb, mahnının sözlərini hər yerdə ona adi olduğunu dedi. Yəni, Osmanı aktyor kimi ortalığa atdılar.
Zahir Abbas, Natiq Dağlaroğlu da sanki Məhəbbətin sifarişiylə işləyirdi. Əqli Mülkiyyət Agentliyinə də müraciət etdim. Fakt ortada olduğu halda, bunun məhkəmə predimeti olduğunu dedilər. Göründüyü kimi, hər yerdən mənə mane oldular. Mənə bir nəfər dedi ki, onların adamları, sənin də Allahın güclüdür. Mən bunlardan Allaha sığınıram. Müəllim olub, bu qədər abırsız olasan?! Mən deməyə söz tapmıram.
Mənim o vaxtı “Laçınım” şeirindən başqa şeirimin olmadığını deyirlər. Bu yalandır. Nə oldu, elə birinci dəfə şeir yazan kimi Məhəbbətə verdim?! Bu abırsızlığın son həddidir. Mən artıq bu söhbətdən yorulub bezmişəm. Daha müzakirə edilməsini istəmirəm”.
Hazırda mahnı sözlərinin müəllifi kimi tanınan Osman Alıyev isə deyilənlərə bu cür reaksiya verib:
“Bu yazının tarixçəsi Laçının işğalının birinci ildönümü münasibətilə yazılıb. Bunu Qubadlı rayonunda, Həkəri çayının sahilində 17 may 1993-cü ildə yazmışam. Tək, bu, yox, bundan başqa iki-üç Laçın adlı şeirlərim vardı.
Mən bu yazını şəxsən Məhəbbət bəyə verməmişəm. “Təzadlar” qəzetində şeirləri çapa hazırlayırdıq, özüm də orada fəaliyyət göstərirdim. 1995-ci ildə “Təzadlar” qəzetinin redaksiyasında şeirlərin çapa hazır olduğu təsdiqləndi. Biz də səhər işə gələndə şeirlərin çap olunmadıqlarını gördük. Mən də maraqlandım ki, səbəb nədir. Şeirlərin çapa təsdiqlənəndən sonra redaksiyadan kimlərinsə apardıqlarını dedilər. O vaxtı da redaksiyada qarmaqarışıqlıq idi. Polislər çox gəlib gedirdi. Yoxa çıxan şeirlərdən biri də sözügedən “Laçınım” şeiri olub.
1998-ci ildə Məhəbbət bəy Füzulidə əsgərlərə konsert verirdi. O, birinci dəfə bunu orada oxuyub. Mən də tez Məhəbbət bəyi tapıb həqiqəti ona danışdım. Düzdü, sözləri bir qədər dəyişdirilib. Məhəbbət bəy bunu əslində Fəxrəddin adlı yol polisi işləmiş birinin ona təqdim elədiyini dedi. Bundan sonra da bizi görüşdürdü. Fəxrəddin özü də bu şeiri Məhəbbət bəyə gətirib verdiyini dedi. Bizi qarşılaşdıranda Fəxrəddinə “bu şeirdən başqa şeirlərin varmı?” deyə sual etdilər. O da olmadığını dedi. Mən də orada bildirdim ki, mənim bundan başqa da bir neçə “Laçın” adlı şeirim var. Əgər bunu o yazmış olsaydı, Məhəbbət bəyin yanında bu işin sonuna qədər gedərdi.
Məhəbbət Kazımov bu yalanından sonra Fəxrəddini də şair dostlarının yanındaca qovdu. Məhəbbət bəy hələ şeirin əslini oxuyanda bu nanəciblərin yazının niyə belə qol-qanadını sındıraraq belə gətirdiyini dedi. Üzərindən xeyli müddət keçəndən sonra Məhəbbət bəy məni çağırıb bu şeirin sözlərinin Məmməd Aslana musiqisi də Məhəbbət Kazımova məxsus olduğu yazılan bir kitab göstərdi. O, Məmməd Aslana zəng vurdu. Məmməd Aslan da dedi ki, bu yazını o yazmayıb. Əlavə etdi ki, redaksiyada oturanlar bunun kim yaza bilər deyə düşünərək müəllif yerinə onun adını yazıblar. Bütün bu qarışıq məsələləri Əqli Mülkiyyət Agentliyi Məhəbbət bəyin sağlığında təsdiqlədi”.
Osman Alıyev fikirlərini belə bitirib:
“Mən bilmirəm, bu yazı Fəxrəddin bəyin əlinə necə keçib. 1994-cü ildə Laçınım şeiriylə bərabər üç ədəd “Laçın” adlı şeirlər “Təzadlar” qəzetinin redaksiyasında itirildi. Mən demirəm ki, oradan Fəxrəddin bəy götürüb ola bilər ki, kimsə ona verib. Mənim bu məsələ barəsində TV-yə çağırılmağım doğrudur. Bilsəydim, getməzdim. Çünki özü aparıcıyla danışıb verilişin efirə necə getməsini razılaşmışdı. İstərdim ki, Fəxrəddin bəyi məni də şəffaf mətbu orqan çağırsın, sənəd, sübutlarla efirlərə çıxaq”.
İmamət İsmayılova