Xırdalandakı qalmaqallı bağça ilə bağlı daha bir ŞİKAYƏT: “Korrupsiyaya görə direktor çıxarılandan sonra övladımı rus sektoruna götürmürlər…” – ÖZƏL
“Oğlum Səccad 3 ildir ki, Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasına gedir. Bağçanın rus sektoru bölməsində idi. Sadəcə olaraq orada korrupsiyaya görə direktor işdən azad olundu. Yeni gələn direktor övladımı rus sektorundan çıxarıb, ümumi bölməyə keçirdi. Müəllim mənə bildirdi ki, ərizə yazaraq yenidən rus sektorunu seçə bilərsiniz. Ərizə yazsaq da heç bir nəticəsi olmadı. Çünki iki övladım artıq rus sektorunda təhsil alırlar, bu oğluma rus sektorsuz təhsil almaq çətindir. İndi də bağçadan bizə bildirirlər ki, yer yoxdur. Övladım zatən rus sektorunda təhsil alırdı, mən onu yenidən bağçaya qoymuram ki. Deyirlər ki, bizdə belə bir səlahiyyət yoxdur, Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət edin. Onlara da müraciət etdik, ərizə yazdıq. Onlar da deyirlər ki, direktor həll etməlidir. Bu onun üstünə atır, o da bunun. Konkret bizə bir söz deyən yoxdur”.
Bunu Moderator.az-a açıqlamasında vətəndaş Elşad Nəbiyev deyib.
Problemlə bağlı Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasının direktoru Arzu Abbasova ilə əlaqə saxladıq. O saytımıza açıqlamasında bildirdi ki, məsələ yaxın günlərdə öz həllini tapmalıdır.
“Həmin uşaqlar öz valideynlərinin ərizələri ilə Azərbaycan bölməsinə keçiblər. Bizdə bunu təsdiq edən sənədlər də var. Mən ora direktor gələndə həmin siyahılar bizə verilib. Əvvəldən anlaşılmazlıq olub. Çalışarıq imkan daxilində nəsə köməklik edək ki, o uşaqlar yerləşsinlər. Valideynin özü ilə biz də, idarədən də görüşüblər. Çalışırıq ki, bu problemləri həll edək”, – deyə direktor bildirdi.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Moderator.az-a bildirildi ki, məsələdən xəbərdardırlar.