• 24 Noyabr 2024 16:42

Pomidor niyə UCUZLAŞMIR?   

Rayon bazarlarında kənd təsərrüfatı məhsullarının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə yüksəkdir. Ötən ilin bu dövründə pomidorun 3 kiloqramı 1 manat idisə, bu il kiloqramı 1 manatdır. Alıcılar məhsulun keyfiyyətindən də razı deyil. 

 

Pomidorun qiymətinin qalxmasına səbəb nədir?

 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, məhsuldarlığın azalması, xaricə ixracın artması bunun əsas səbəblərindəndir:

 

“Bunun iki səbəbi var. Əsas səbəb ondan ibarətdir ki, bu il məhsuldarlıq aşağı düşüb. Yerli bazara çıxarılan pomidorun həcmində azalma var. Açıq bostanda məhsul yığımı aşağı düşüb. Burda istixanalardan söhbət getmir.

 

İstixanalar onsuz da həmişə pomidor yetişdirir və ordan yığılan pomidor baha olur. Ötən illərdə yayda açıq sahədə yığılan pomidor ucuz idi. Bu il isə məhsuldarlığın aşağı olması ilə əlaqədar keçən illə müqayisədə qıtlıq var. Məhsuldarlığın aşağı olması isə əsasən iqlim və hava şəraiti ilə bağlıdır.

 

İkinci məqam isə xaricə ixracatın çox olmasıdır.

 

Bu ilin ilk 5 ayında xaricə 8 min ton pomidor ixrac edilib. Bu isə ümumi ixracımızın 7 faizidir. Yəni ötən ilkinə nəzərən bu il ixrac 7 faiz daha çox olub. Bu da yerli bazarda qiymətlərin artımına səbəb olur.

 

Bundan əlavə məhsulların daşınmasına, yetişdirilməsinə sərf olunan xərclərin artması da qiymətə təsir edir. Məsələn benzinin qiymətinin artması kənd təsərrüfatı məhsullarının da qiymətlərinə təsir etdi. Belə ki, məhsulları daşıyan yük maşınları 100 km üçün 35-40 litr benzin sərf edir. Nəzərə almaq lazımdır ki, bir rayondan başqa bir yerə gəlmək azı 300-400 km məsafədir. Bütün bunlar qiymətə təsir göstərən faktlardır”, – deyə o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər