• 27 Noyabr 2024 09:42

Qurban Qurbanov “Qarabağ”ın avrokuboklardakı hədəflərini AÇIQLADI

“Qarabağ” Çempionlar Liqası II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Bakıda “Linkoln”u qəbul edəcək.

 

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

– Bakıda İlk oyunumuzu oynayacağıq. Doğma Bakımızda, doğma stadionumuzda. Pis hazırlaşmadıq. Rəqibi daha yaxından tanıdıq. Bu komanda çox bacarıqlı müdafiə olunur. İlk matça baxıb, analiz etmişik. Baxımlı oyun oynamağa çalışacağıq. Bilirik ki, qalib gəlsək, Konfrans Liqasının qrupunu təmin edəcəyik. Çox ciddi hazırlaşırıq. Futbolçularımın ümumi hazırlığı pis deyil. Azarkeşlər üçün baxımlı matç olacaq.

 

– Bu gün sizi ən çox narahat edən nədir? Sırf “Linkoln”la oyuna görə yox, ümumi…

 

– Hansısa narahatlığa ehtiyac yoxdur. Kollektivdaxili olan bəzi nüanslar var. İlboyu onlarla rastlaşırıq. Çalışırıq ki, kiçik vaxtda onları həll edək. 15-16 ildir ki, buradayam. Kollektivdaxili hər şeyi həll etmişik. Hansısa problem görmürəm. Həmişə çalışmışıq ki, əlimizdə olan şansdan maksimum istifadə edək, hər şey qaydasında olsun. Bizim üçün problem olan həmişə rəqib olub. Rəqib bizim düşündüyümüzdən əlavə edirsə, bu, bizim üçün problem olub. Başqa ciddi problem görmürəm.

 

– Zədə ilə bağlı problem yoxdur?

 

– Xeyr. Musa Qurbanlı əməliyyat olunub. Başqa hamı sağlamdır.

 

– Premyer Liqa başlayır. Bu mövsüm 50-dən çox oyun olacaq. Əlinizdəki heyət bu hədəflərə çatmaq üçün yetərlidir?Deyilsə, neçə oyunçunun transferi daha yaxşı olar?

 

– Nə olursa-olsun əlimizdəki heyətlə bunlara hazır olmalıyıq. Problemi çözmək istəyiriksə, bunu etməliyik. Məşqçi kimi istəyərəm ki, heyətə minimum 2 oyunçu əlavə edilsin. Çünki bunun zədəsi, cəzası var. Bizim üçün hər oyun vacibdir. Hər cəbhədə ən yuxarı nəticə üçün mübarizə aparırıq. İşlər gedir. Orta xəttə oyunçu istəyirəm. Hücuma da minimum 1 futbolçu düşünürük. Daha yaxşı variant olarsa, mövqeyindən asılı olmayaraq, həmin oyunçunu transfer edərik.

 

Nadir hallarda “Qarabağ”ın oyunundan, toplanışından narazılıq edirsiz. Bu dəfə isə razılıq edirsiz. Bunu heyəti qoruyub-saxlamağınızla əlaqələndirmək olar?

 

– Həmişə istəmişik ki, heyətimizi qoruyub-saxlayaq. Bu il vaxtımız oldu, daha rahat hazırlaşdıq. İkinci təsnifat mərhələsindən turnirə qoşulduq. Ona görə də komandada, futbolçularda psixoloji rahatlıq oldu. Gərginlik bir o qədər olmadı. Futbolçuların istirahətə daha çox vaxtları oldu. Ona görə də hazırlıq proqramına Bakıda başladıq. Onlar üçün də daha rahat oldu. Hamısı öz ailəsinin yanında idi. Fiziki hazırlığı həmişə yaxşılaşdırmaq olar, amma psixoloji hazırlıq çətindir. Məni də həmişə narahat edən budur. Futbolçu beyni yorğun olduqda, daha tez yorulur. Bu il bir az hazırlıq fərqli oldu. Futbolçular da daha rahat, sərbəst idilər. Ola bilər ki, buna görə öz razılığımı bildirmişəm. Gördüyümü, hiss etdiyimi demişəm.

 

Avrokuboklardakı digər klublarımız haqda fikriniz necədir?

 

– Müsbət.Hər birinə uğurlar arzulayıram. Hər birinə təşəkkür edirəm ki, yaxşı hazırlıq keçiblər. Sadəcə “Sumqayıt” uduzdu. Bu da məlum səbəblərdən. Hesabda öndə olarkən, qırmızı vərəqə aldılar. Cavab matçında inanıram ki, Samir Abasov komandanı toparlayacaq və yaxşı nəticə üçün oynayacaqlar. İnamım böyükdür. “Zirə” və “Sabah” yaxşı oyunla qalib gəldilər. Bu da klubun məşqçilərinə, rəhbərliyə, futbolçulara da əlavə stimul verir. Ümidlərimiz böyükdür, dualarımız onlarladır. Hər bir qələbə Azərbaycan futbolunun tanınması, reytinqin yüksəlməsi deməkdir. Hər birindən uğurlar nəticə gözləyirik. Öz fikirlərim isə öz komandamdadır. Qalibiyyətlərin sayının çox olmasını istəyirik.

 

– Şahruddin Məhəmmədəliyevin hazırkı durumu necədir? Onun qayıdışı futbolçularda inamı artırıb?

 

– Çox vacib mövqedir. Bəzən görürsən ki, çox komandaların şikayət etdiyi mövqe olur. Deməzdim ki, Şahruddinin tam hazırdır. Amma o, hamının tanıdığı oyunçudur. Hamının Şahruddinə qarşı münasibəti yaxşıdır. Adaptasiya üçün vaxta ehtiyac yoxdur.

 

Redon Cicanın “Ankaragücü”nə gedişi gözlənilir. Doğrudur?

 

– Bizdə belə məlumat yoxdur. Hansısa futbolçunu göndərmək fikrimiz yoxdur.

 

– “Ludoqorets”- “Dinamo”(Minsk) oyununa baxmısız?

 

– Bəli, baxmışam. Ümumi məlumat götürmüşəm özüm üçün.

 

Bu mövsüm avrokuboklarda hədəfiniz nədir?

 

– Minimum və maksimum hədəflər olur. Minimum hədəf Konfrans Liqasının qrupudur. Maksimum isə Çempionlar Liqasının qrupu. Hədəfimiz həmişə maksimal olub.

 

– Legioner seçiminə çox həssas yanaşırsız. Bu mövsüm hələ ki, əcnəbi meydan oyunçusu transfer etməmisiz. Səbəb nədir? Tələbləriniz artıb, yoxsa futbolçular “Qarabağ”dan daha çox pul tələb edir?

 

– Transfer etmək get-gedə daha da çətinləşir. Həmişə istəmişik ki, yanlış transfer etməyək. Amma mümkünsüzdür. Avropa klublarında 30 faiz uğurlu transfer alınırsa, uduş kimi qəbul edirlər. 50 faiz fantastikdir. O imkanlarımız yoxdur ki, transferdə səhv etsək, onu kompensasiya edək. Amma hər bir halda, axtarışdayıq. Çox oyunçularla danışırıq. Bəziləri gəlmək istəmədi, bəziləri Avropanı daha çox düşünür. Amma transfer etmək fikrindəyik.

 

Klublarımızın avrokuboklarda bu mövsümkü yaxşı çıxışında Azərbaycan çempionatındakı rəqabət rol oynadı?

 

– Futbolun inkişafı üçün belə turnirlər çox vacibdir. Hamı bilməlidir ki, biz nə üçün Azərbaycan çempionatında oynamalıyıq. Avrokuboklarda bütün klublara böyük təcrübə qazandırır. Qələbələr də böyük inam qazandırır Azarkeş marağı artır. Çempionatın daha da maraqılı keçməsini istəyiriksə, belə turnirlərdə iştirak etməliyik. Qruplara düşməyi hər bir klubumuza arzulayıram. Təcrübə baxımından da futbolçulara, məşqçilərə vacibdir. O rejimdə işləmək böyük fayda verir. Öz çempionatımızda 7-8 gündən bir oyun oynayırsan, amma avrokuboklarda oynayanda, rejim daim dəyişilir. Avrokubokıarın böyük faydası var. Hər bir turnirə ciddi yanaşmaq vacibdir. Klub rəhbərləri də bilməlidir. Əgər çatışmazlıq varsa, onu aradan qaldırmaq üçün məşqçilərin və futbolçuların yanında olmalıdırlar. Bura nə qədər xarici klublar gəlir. Azərbaycanımızı daha çox tanıyırlar. Bunun olması, xarici arena da da ölkəmiz üçün böyük fayda verir. Bəzən qorxuruq ki, çətin qrupa düşürük. Heç nə olmaz. Çətin komandalara qarşı 3-4 ildən sonra daha inamlı oynaya bilərik. Çox istəyərdim ki, bölgələrimizin mədəniyyətini də tanısınlar. Gəncə, Tovuz və digər rayonlarımız. Zirənin öz maraqlı tarixi, mədəniyyəti var. Sabah bəlkə Ağdamda oynadıq, bəlkə başqa şəhərlərdə. Yəni avropalılar buraların da tarixini bilərlər. Rəqabətin təməli buradan başlasa, daha yaxşıdır.

 

– “Qarabağ” “Ferentsvaroş”u keçdikdən sonra onlar sizin və sizin istədiyiniz futbolçuları transfer etməyə cəhd göstərir. Ovusu Kvabena, Kadi Borges. Bu nə ilə bağlıdır?

 

– Qeyri-adi bir şey görmürəm. Biz də hansısa futbolçuya baxanda onun təcrübəsinə, çempion olub-olmamasına, qruplarda oynayıb-oynamamasına baxırıq. Ya da bəzən oyunçunun heç avrokuboklarda oynamamasına baxırıq ki, istəkli, ac olsun. Fərqli fikirlər söyləmək olar. “Ferentsvaroş”la aşağı-yuxarı eyni səviyyəli komandayıq. Onların da Avropanın hansısa tanınmış klubundan oyunçu götürməyə pulları yoxdur. Maddiyyat tərəfdən bizi üstələyirlər. Normal gedişatlardır. Biz də bəzi klublardan oyunçular götürmüşük. Məsələn, Çumbinyo, Miçel, filan. Hər şey maddiyata bağldıır.

 

Ötən mövsüm Elvin Cəfərquliyev avrokuboklarda qırmızı vərəqə almışdı. “Zirə” və “Sumqayıt”da da eyni hal yaşandı. Belə halların minimuma endirilməsi üçün hansı addımlar atılmalıdır?

 

– Son vaxtlar çox komanda olub ki, kart cəzasına görə uğuru əldən verib. Görünən odur ki, futbolçularla bu barədə daha çox danışılmalıdır. Qaydalar onlara çatdırılmalıdır. Futbolçunu oyuna daha düzgün motivasiya etmək lazımdır. Hər bir tələb futbolçunun üzərinə düşür ki, özünü meydanda düzgün idarə etsin. Nə qədər məsləhət versək də, onu yerinə yetirən futbolçu özüdür. Hamısı məsuliyyətli olmalıdır. Şans bəzən bir dəfə olur. Ondan da maksimum istifadə etmək lazımdır ki, heç olmasa sayda üstələməsin. Oyunda üstələsə, sayda da üstələsə, rəqib üçün böyük üstünlük olur. Son vaxtlarda ən vacib elementlərdən biridir və bunun üzərində çox dayanılmalıdır. Hakimlərin fikirləri fərqlidir. Nizamnamə var. Elə hakim var ki, ona uyğun gedirlər. Bəziləri isə düşünür ki, bu mübarizə oyunudur, bəzən qırmızını vermək də olar, sarı da göstərmək olar. Çox dərinə getmirlər. (Sportinfo)

Tacxeber.com

Oxşar xəbərlər