Erkin Qədirli ilə bağlı sensasion iddia: Bu vəzifəyə gətirilir
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisin rəhbərliyində ciddi dəyişikliklər olacaq. Spiker Sahibə Qafarova istisna olmaqla, parlamentin rəhbərliyində təmsil olunan digər 3 nəfərin – birinci vitse-spikerin və digər iki müavinin vəzifəsini itirəcəyi bildirilir.
Tacxeber.com bununla bağlı maraqlı məlumatlar əldə edib. YAP-çı deputatlardan biri, saytımıza açıqlamasında deyib ki, hazırda Milli Məclisdə müxalifəti təmsil edən vitse-spiker başqa siyasi partiyanın nümayəndəsi ilə əvəzlənəcək. Onun sözlərinə görə, 2020-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasının seçilmiş nümayəndəsi olaraq, parlament rəhbərliyində təmsilçilik hüququ qazanan Fəzail İbrahimli bu dəfə yerini müxalifətdən olan başqa həmkarına verəcək.
Mənbə deyib ki, Adil Əliyevin boşaltdığı postu bitərəflərin nümayəndəsi tutacaq. Birinci vitse-spiker vəzifəsinə isə, YAP-ın aparıcı fiqurlarından birinin seçilməsi gözlənilir. Həmin şəxsin, hakim partiya tərəfindən deputatlığı irəli sürülmüş, Baş nazirin müavini Əli Əhmədov olacağı istisna edilmir.
Məlumatlı şəxs, müxalifəti təmsil edəcək vitse-spikerin kimliyini də açıqlayıb. Onun sözlərinə görə, 2020-ci ildə ReAL Partiyasından deputat seçilmiş hüquqşünas Erkin Qədirlinin bu posta sahib olmaq şansı digər müxalif həmkarları ilə müqayisədə xeyli böyükdür.