• 23 Noyabr 2024 14:45

Ankarada baş tutan genişmiqyaslı məhbus mübadiləsinin təfərrüatları bəlli oldu

Bildiyiniz kimi, Türkiyədə son dövrlərin ən genişmiqyaslı məhbus mübadiləsi həyata keçirilib.
 “Hürriyet” qəzeti mübadilənin təfərrüatları barədə yazıb.

Məlumata görə, əməliyyat çərçivəsində Ankarada 7 fərqli ölkənin (ABŞ, Almaniya, Polşa, Sloveniya, Norveç, Rusiya və Belarus) həbsxanalarından 26 məhbusun qarşılıqlı mübadiləsi aparılıb.

Mübadilə prosesi Ankara Esenboğa hava limanında Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) vasitəçiliyi ilə baş tutub. Mübadilə terminalın xüsusi bölməsində MİT-in nəzarəti altında həyata keçirilib.

Girovlar 7 təyyarə ilə Ankaraya eniş edib. Rusiyaya 2-si uşaq olmaqla 10, Almaniyaya 13, ABŞ-yə isə 3 girov təhvil verilib.

Mübadilə edilən şəxslərin adları da məlum olub. Bu siyahıya görə Rusiyaya Anna və Artyom Dultsev, Vadim Krasnov, Roman Seleznyov, Vladislav Klyuşin, Vadim Konoşenko, Mixail Mikuşin, Pavel Rubtsov, Qərb ölkələrinə isə Evan Qerşkoviç, Pol Uilan, Alsu Kurmaşeva, Vladimir Kara-Murza, Patrik Şebel, Diter Voronin, Hermann Moyses, Kevin Lik, Oleq Orlov, İlya Yaşin, Vadim Ostanin, Andrey Pivovarov, Liliya Çanişeva, Aleksandra Skoçilenko, Kseniya Fadeyeva, Rik Kriqer təhvil verilib.

Qəzetin məlumatına görə, Rusiya və Qərb rəsmiləri bu ilin iyul ayında MİT-in təşkilatçılığı ilə Türkiyədə görüşüb və danışıqlar aparıblar. Nəticədə məhbus mübadiləsi barədə razılıq əldə olunub. Danışıqların əvvəlindən axırına kimi vasitəçilik fəaliyyətini MİT həyata keçirib.
Mübadilə prosesinin logistika planlaşdırması da daxil olmaqla bütün təhlükəsizlik tədbirləri MİT tərəfindən həyata keçirilib. Tərəflər arasında qarşılıqlı əlaqə və koordinasiya da Türkiyə kəşfiyyatı vasitəsilə təmin edilib.

Girovların qəbul edilməsinə və təhvil verilməsinə də  MİT nəzarət edib.
Digər tərəfdən, ABŞ Prezidenti Co Bayden dünən Ankarada ABŞ və Rusiya arasında məhbus mübadiləsi ilə bağlı Ağ Evdə verdiyi açıqlamada bu mübadilənin reallaşmasında rol oynayan Türkiyə də daxil olmaqla bir sıra müttəfiqlərə minnətdar olduğunu bildirib.

Ağ Ev də Prezident Baydenin yazılı açıqlamasını yayıb:

“Bu nəticəyə nail olmaq üçün çətin və mürəkkəb danışıqlarda yanımızda olan Almaniya, Polşa, Sloveniya, Norveç və Türkiyə kimi müttəfiqlərimizə minnətdaram. Dünyadakı dostlarınıza güvənə və etibar edə bilərsiniz”. – Bayden deyib.
Qeyd edək ki, avqustun 1-də Ankarada Rusiya ilə Qərb ölkələri arasında məhbus mübadiləsi həyata keçirilib. Bu, “soyuq müharibə”dən sonra tərəflər arasında ən genişmiqyaslı məhbus mübadiləsi idi.

Tacxeber.com

Oxşar xəbərlər