• 23 Noyabr 2024 07:45

“”Bayatı-şiraz”-dan danışmaq sənin başın üçün deyil, hamısı məni yamsılayır” – Tacir Şahmalıoğlu əsəbləşdi – FOTO+ÖZƏL

“Müğənnilik, xanəndəlik tam başqadır, şou-biznes əhli, şou-biznes müğənnisi isə tam başqa. Şou-biznesdə olan müğənnilərin, ifaçıların hər birinə ayrı-ayrılıqda hörmətim, sevgim var. Onlar da bilirlər ki, mən nə musiqiçisinin, nə də müğənnisinin xətrinə dəyən adam deyiləm. Sadəcə olaraq mən düz danışmağı xoşlayıram. Pis kişi sayılsam da düz danışacam. Kimsə məndən inciməsin, reallıq başqadır. Musiqi dəryadır. Hər kəs yanında bir, yarım vedrə su götürə bilər, amma musiqinin dərinliyinə getmək də hər adama xas olan bir əlamət deyil. Gərək adamda Allah vergisi olsun. Bizim musiqimizdə musiqi ədəbiyyatı, nəzəriyyəsi, səhnə mədəniyyəti var. Bunlar dərslik kimi keçirilir. Kiminsə ürəyi oxumaq istəyir, oxuyan olmaq istəyir. Halbuki onların bu sadaladıqlarımdan xəbəri yoxdur, amma oxuyan olmaq istəyirlər. Əllərinə mikrofon alıb, şou-biznesə keçid edirlər. Hökmən deyil ki, sənin 1, 2 oktava səsin olsun, ya yox. Amma Allah vergisi deyilən bir şey də var ki, o oxuyanda səsi başqasının ruhuna girə bilir. Çünki o qədər gözəl səsi var ki”.

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni, sevilən sənətkar Tacir Şahmalıoğlu deyib.

 

O daha sonra əlavə edib:

“Bu gün hamı oxuyan olmaq istəyir. Sanki bir xəstəlikdir yaranıb. Bu cür müğənnilər, xanəndələr üstünlük təşkil edir. Bir muğamı əzbərləyib oxumaq olar. Amma bunun üçün gərək sənin savadın ola. Harmoniya deyilən bir şey var. Xanəndənin söz bölməyi var. Sözlərdə, cümlələrdə nöqtə var, vergül var, sual var.. Bunları bölmək lazımdır. Yaqub əmini misal çəkim. O savadsız adam olub. Amma Yaqub əminin səsi Allah vergisi olub. O savadsızlıqla əruz vəznini elə gözəl bölüb ki.. Adama ləzzət edib. Bunun özü bir hünərdir. Bir neçə yerdən qırıq müğənnilər yaranır. Musiqi nəzəriyyəsini, harmoniyanı, notu bilmirlər. Onlar sadəcə sıradan bir müğənni kimi fəaliyyət göstərə bilərlər.. Amma yaradıcı qüvvə ola bilməzlər.. Şou-biznesə atılan müğənnilərin bir tərəfləri qırıqdılar. Bir-iki nəfəri çıxmaq şərtilə elə də gözəl performans göstərən şəxslər yoxdur”.

 

Tacir Şahmalıoğlu bildirib ki, “Bayatı şiraz” muğamını oxuyanlar bu gün onu yamsılayırlar. Sənətkar faktlarla danışıb.

 

 “Bayatı şiraz”-ı bu gün oxuyurlar. Allah canlarına sağlıq versin. “Bayatı-şiraz”-ın möhürünü Tacir Şahmalıoğlu vurub. Bu gün də bu muğamı oxuyurlar, amma elə bir yenilik, performans göstərmirlər ki, deyim ki, bu da onların səpkisidir. Eynilə mənim oxuduğum, yaratdığım ideyanı, cümlələri əzbərləyib oxuyurlar. Qeyri-adi çalarları yoxdur. Bu muğamı muncuq kimi mən yaratmışam, möhürləmişəm. Həmin möhürü götürüb əzbərləyib oxuyurlar. Halal xoşları olsun, mən bir söz demirəm.  Qoy oxusunlar. Amma qeyri-adi bir şey göstərə bilmirlər. Heç göstərə də bilməyəcəklər.

Çünki yaradıcı müğənninin yaranması üçün onun hökmən Allah vergisi olmalıdır, sonra da mən dediyim o musiqi nəzəriyyəsinə, ədəbiyyatına yiyələnməlidirlər. Bunları bilməyən müğənni yaradıcı ola bilməz, bu qeyri-mümkündür. Famil Məcidli deyilən bir şəxs var. Heç mən onu tanımıram, bilmirəm nə sənətin sahibidir? Çıxıb “Bayatı şiraz” haqqında ağzına gələni danışıb. Guya bunun musiqidən anlayışı var. Özbək qızının oxuduğu “Bayatı şiraz” muğamını şərh edib.

 

Orada da bir neçə kəlmə mənim ünvanıma lazımsız sözlər işlədib. Deyib ki, “Bayatı Şiraz”-ı oxumaq üçün niyə Tacir Şahmalıoğlundan icazə alınmalıdır? Sonra da deyib ki, “Bayatı şiraz”-ı oxumaq hər insanın başı üçün deyil! Mən onsuz da bu haqda canlı yayım edəcəyəm. Sizin vasitənizlə o adama demək istəyirəm ki, əslində sənin başın üçün deyil ki, “Bayatı şiraz”-dan danışırsan, mənim oxuduğuma sən qiymət verirsən! Elə ilk mənim başım üçün idi ki, 11 yaşımda oxuduğum “Bayatı şiraz” 50 ildir ki, ürəklərdə xalqımız tərəfindən qorunub saxlanılır. Dövlətimiz tərəfindən də “Qızıl Fond”-a salınıb. Dahi şəxsiyyətlər var ki, ona qulaq asıb, feyziyab olublar.

Mən heç vaxt deyə bilmərəm ki, “Bayatı şiraz” muğamını yaratmışam! Xeyr, bu özəl muğamdır, bunu musiqimizin baniləri yaradıblar. Mən “Bayatı şiraz” muğamı üstündə improvizə edib cümlələr, ifa tərzi yaratmışam. Yeni səs çıxartmışam ortalığa. Bütün ürəklərdə, qəlblərdə bu musiqi yaşayır. Mən yaratdığım musiqini məndən icazə alıb oxumalıdırlar da! Burada nə var ki?! Dövlət tərəfindən bu muğamda improvizənin müəllifi kimi sertifikatını almışam! Özbək qızı da birbaşa Özbəkistandan həyat yoldaşı ilə birgə məndən icazə istəyiblər, mən də demişəm ki, oxuyursan oxu! Bunun icazəsiz məndən alındı, çünki məndən alınmalı idi. Buna da paxıllıq edirlər (gülür).

 

Bizim xalqımızın bəzi nümayəndələri öz yaxşılarımıza dəyər vermir. Biz primitivə  keçmişik. Artıq dərin sözlər, mənalı ifadələrə qiymət vermirlər. Mən bu muğamın möhürünü vurmuşam da. Məndən sonra oxuyanlar məni yamsılayanlardır. Necə lazımdırsa mən oxumuşam. Mənim ideyamı da əzbərləyib oxuyurlar, o da məndən o yana keçmir. Bu musiqi də, bu çalarlar da bizimdir. Özbək qızına, başqalarına dəyər verənə qədər elə mənə dəyər verin də! Əgər belə dəyər verməyi bacarırsızsa məndən niyə əsirgəyirsiz?!! Bəlkə də məndən sonra nə vaxtsa improvizə edənlər olacaq, amma hələ ki, yoxdur!”, – deyə illərin sənətkarı deyib.

Tacxeber.com

Oxşar xəbərlər