“Qarabağ” Bolqarıstanda çətin “Ludoqorets” səfərində
Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Ağdam klubu Bolqarıstan “Ludoqorets”i ilə səfərdə qarşılaşacaq. İlk matçda Bakıda rəqibinə 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun komandası həmin yenilginin əvəzini rəqib meydanında çıxmağa çalışacaq. Lakin bu, asan olmayacaq. Çünki “Ludoqorets” son illər Bolqarıstan futbolunun nəhəngi hesab edilir.
Razqrad şəhərini təmsil edən komanda 2011/12 mövsümündən başlayaraq son 13 mövsümün hamısında ölkəsinin çempionu olub. Komanda 8-i ardıcıl olmaqla 10 dəfə Avropa kuboklarının qrup mərhələsində çıxış edib.
“Qarabağ” – “Ludoqorets” cütünün qalibi ÇL-in pley-off mərhələsində Zaqreb “Dinamo”su (Xorvatiya) ilə üz-üzə gələcək.
Cütün məğlubu isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək və burada “Petrokub” (Moldova) – TNS (Uels) duelinin qalibi ilə qarşılaşacaq.