• 23 Noyabr 2024 08:34

“AZZA” ilə bağlı şok hadisə: tortdan görün nə çıxdı, müştəri “haqq” istədi – Gizli yazışma

Tacxeber.com  Teleqraf.com-a istinadən məlumat verir ki, Cavad 28 iyul 2021-ci ildə “AZZA” QSC-nin Nəsimi rayonunda yerləşən mağazasından aldığı tortun içərisindən guya milçək çıxması ilə bağlı QSC-nin nəzarət şöbəsinin rəisi vəzifəsində işləyən Eyvazla avqustun 2-də cəmiyyətə məxsus ofisdə görüşüb.

O, həmin məsələ ilə bağlı şirkət barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyi halda külli miqdarda cərimə tətbiq olunacağını bildirib.

Daha sonra Cavad Eyvaza özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edib, televiziya kanallarında işləyən tanışları vasitəsi ilə şirkətin nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağını deyib, QSC-dən 5000 manat tələb edib.

İstintaq orqanı tərəfindən Cavadın barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Babək Pənahovun icraatına verilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Cavad ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, iyulun 28-də arvadının ad günü olub: “Bu səbəbdən “AZZA”nın mağazasından beş nəfərlik “Mars” tortu aldım. Tortu evdə kəsdik və yemək istəyən zaman onun içərisindən milçək çıxdı. Bu hadisədən iyrəndiyim üçün bədənimin müxtəlif nahiyyələrində səpki və qaşınma əmələ gəldi. Həmin günü aptekdən dərmanlar aldım. Həyat yoldaşım hamilə olduğu üçün baş verən hadisə məni daha da qəzəbləndirdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyulun 29-da həmin mağazaya gedib və orada işləyən işçilərə öz iradını bildirib: “Mağazanın işçiləri mənə tortun yerinə başqa tort götürməyi və ya pulunu qaytarmağı təklif etsələr də razılaşmadım. Çox əsəbi olduğum üçün rəhbərliklə görüşmək istədiyimi dedim”.

Cavad qeyd edib ki, avqustun 2-də onunla əlaqə saxlanılaraq QSC-nin ofisinə çağırıblar: “Orada bir qadın mənə dedi ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyim, tortu onlara verim və bir neçə gündən sonra məni çağıracaqlar. Mən də oradan çıxaraq getdim.

Bir neçə gün sonra məni QSC-nin baş ofisinə çağırdılar. Bildirdilər ki, şirkətin nüfuzuna zərər vurmayım, nə istəyirsən verək. Mən isə əsəbiləşərək oradan getdim”.

Cavadın ifadəsinə görə, bundan sonra onunla vatsapla əlaqə saxlanılıb: “Məndən nə istədiyimi soruşdular. Mən də əsəbi olduğum və həmin vaxt bədənimdə qaşıntılar olduğu üçün onlara 5.000 manat istədiyimi yazdım. Sonradan mənimlə yenidən əlaqə saxlanıldı və məndən həmin məbləği nə qədər azalda biləcəyimi soruşdular. Mən ona 4.000 manat verilməsini dedim”.

Cavad qeyd edib ki, avqustun 5-də onu QSC-nin baş ofisinə dəvət ediblər, bir nəfər şəxs masanın üzərinə pul qoyaraq onu götürməyi təklif edib: “Lakin mən onları qorxutmaq üçün bu cür hərəkət etdiyimdən pulu götürmədim və oradan getdim. Heç kimdən pul tələb etməmişəm. Əksinə, mənə pul təklif edil”.

Cinayət işi üzrə QSC-nin nümayəndəsi bildirib ki, Cavad iyulun 28-də QSC-nin mağazasından aldığı beş nəfərlik “Mars” tortunu evdə kəsərkən tortun içindən guya milçək çıxması ilə bağlı mağazaya şikayət edib: “Mağazanın işçiləri həmin tortu Cavaddan alaraq cəmiyyətin keyfiyyətə nəzarət şöbəsinə göndəriblər. Sonradan Cavad rəhbərliklə görüşmək istədiyi üçün avqustun 2-də cəmiyyətin nəzarət şöbəsinin rəisi və keyfiyyətə nəzarət şöbəsinin müdiri olduğu ofisində onunla görüşüb.

Görüş zamanı Cavad məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirib, onun göstərdiyi videogörüntüdə isə tortdan hər hansı bir milçəyin çıxması müşahidə olunmayıb.

Təqsirləndirilən şəxs görüşdən sonra Eyvaza mobil telefonuna zəng vurmaqla və mesaj yazmaqla özündə şirkətin nüfuzuna xələl yetirən məlumatların olduğunu, həmin məlumatları hüquq-mühafizə orqanlarına göndərəcəyini bildirdi. Bu hərəkətlərin etməməsi qarşılığında 5.000 manat tələb etdi.

Avqustun 5-də Eyvaz təqsirləndirilən şəxsə 1.000 manat pul verməklə, qalan pulu da axşam saatlarında götürməsini bildirib. Cavad pulu tam götürəcəyini deyib və axşam qayıdacağını deməklə ofisi tərk edib. Bundan sonra rəhbərliyin göstərişi ilə polisə şikayət etdik”.

Cinayət işinin materillarında Cavadın Eyvazla yazışmları var və həmin yazışmaları təqdim edirik:

Cavad: Salam bir daha. Bu gün prokurotrluğa gedə bilərəm, 100-150 min cərimə ala bilərsiz. Amma mən sizə daha asan yolu məsləhət görürəm.

Eyvaz: Cavad, əlbəttə, hansidir o yol, gəl bu məsələni həll edək.

Cavad: Mən bir vətəndaş olarağ cərimə kəsirəm. Özünüz yaxşı bilirsiz ki, Qida Təhlükəsizliyi bu hala görə nə qədər cərimə yazar.

Eyvaz: Cavad, biz belə bir problemlə heç vaxti uzləşməmisik, sən de, bir yol göstər və ya cəriməsi nə olacaq sənə…

Cavad: Mən sizə sual edirəm nə qədər verə bilərsiz? Məbləğinizi yazın.

Eyvaz: Siz mənə deyin məbləği ki, mən də rəhbərliyə məlumat verim.

Cavad: 5 min.

Eyvaz: Narahat olmayin, bir az səbirli olun.

Cavad: Problem deyil. 2 gün gözləyə bilərəm, inciməyin, sabah, birisi gün, zəhmət olmasa, siz mənimlə əlaqə saxlıyarsız.

Eyvaz: Oldu.

Növbəti günün yazışmalarda:

Cavad: Salam,nə qərar verdiz, deyin, 6 saatınız qaldı.

Eyvaz: Salam Cavad bəy, rəhbərliklə əlaqə saxladım, cadəcə şəhərdə olmadığına görə tam vəziyyəti başa sala bilmədim. Sabah rəhbərlik şəhərdə olacaq. Sizdən xahişim olacaq, heç olmasa bir-iki qün möhlət verəsiz. Rəhbər özü də bu məsələnin marağındadir ki, bunu həll edək. Xahiş edirəm bir az səbir göstərəsiz.

Cavad: Səbr etməyinə, edərəm.

Eyvaz: Çox sağ olun.

Növbəti yazışma:

Eyvaz: Cavad bəy, axşamıniz xeyir, təbii, siznən qörüşəciyik, bəlkə siz yazdığınız məbləğdən bizə bir balaca kecəsiz. Hardasa siz də bizi başa düşün. Çox xahiş edirəm.

Cavad: Problem deyil. Çox şükür, anlayışımız var o barədə.

Eyvaz: Çox sağ olun, danışdıq, sabah siznən əlaqə saxlayacam.

Cavad: Mən şəxsi hesabımı atacan sizə, ödənişi elə edərsiz.

3-cü günün yazışmaları:

Cavad: Bir daha mənə yazın, kartın nömrəsini verim, görüşməyə vaxtım olmayacaq, mən də iş adamıyam. Bu vaxtı narahat etdiyimə görə bağışlayın.

Eyvaz: Salam, Cavad bəy, demişdiz, sizin şəxsi hesabı mənə atacaqsız.

Cavad: Bir də, zəhmət olmasa, dükanın işçilərinə məlumat verin, aldığım tortun pulunu da geri versinlər. Bu gün işdən çıxanda yolüstü ora dəyəcəm.

Eyvaz: Oldu.

Cavad: Pul köçdükdən sonra mənə deyərsiz, gedim ərzələri geri çəkim.

Eyvaz: Oldu.

Cavad: Bir də bunu deyim. “Unibank”da vöen hesabında bu kodları yazdıqdan sonra ad-soyad, xanım adı çıxacaq.İbrahimli Telli.

Eyvaz: Oldu. Cavad bəy sizin öz şəxsi hesabınız yoxdur, bu xanım kimdir?

Cavad: Mənim şəxsi hesabımdır. Narahatlığa heç bir əsas yoxdur.

Eyvaz: Bəs burda xanım adı qeyd olunub.

Cavad: Bildim, zatən öncədən izah eləmişdim ki, xanım adı çıxacaq. Verdiyim karta ödənişi edin, bu qədər.

Eyvaz: Bir söz deyim sizə, rəhbər mənə bildirdi ki, köçürmə yolu ilə bizdə alınmayacaq, hardasa siz də bizi başa düşün. Məbləğ az deyil və indi o qədər dələduzluq var… Yaxşı olardi ki, sizin haçan imkanınız olsa, bizim ofisdə mən sizə pulu verərdim.

Cavad: Siz o zaman göndərin həmin dükana, ordan götürərəm.

Eyvaz: Siz məni düzgün başa düşün, pulu mən sizdən başqa heç kəsə verə bilmərəm.

Cavad: Anladım, saat 6-da işdən çıxacam, sizin ofis hansı binadadır?

Eyvaz: Saat neçədə görüşək? Konumu sizə atacam.

Cavad: Çalışaram, işdən tez çıxım.

Eyvaz: Cavad bəy.

Cavad: Məndə internet olmayacaq, imkan varsa,ünvanı belə şifahı deyin.

Eyvaz: Xan Şuşinski 62, Təhsil İdarəsinin yanı.

Cavad: Çox düşündüz. Tamam. Oranı zatən tanıyıram.

Eyvaz: Bir az tez görüşmək olarmı?

Cavad: Sadəcə binada olacaqsızsa, blokun kodunu, ofisin nömrəsini qeyd edərdiz… Olar. Gəlirəm.

Bu cinayət işinə Nəsimi rayon Məhkəməsində baxılıb.

Cavad 3 il müddətinə azadlıqdan məhrum edilib.

Tacxeber.az

Oxşar xəbərlər